Qəzənfər Abbasov: “Hər şey öz əlimizdədir və futbolçularıma inanıram”

25 Fevral 2026 13:53
119
Qəzənfər Abbasov: “Hər şey öz əlimizdədir və futbolçularıma inanıram”

“Oyun istədiyimiz kimi başladı və ilk qolu biz vurduq”.

Bu sözləri “Qaradağ Lökbatan”nın baş məşqçisi Qəzənfər Abbasov deyib.

Gənc mütəxəssis komandasının Birinci Liqanın 15-ci turunda “Xankəndi”yə məğub olduqları oyun haqda fikirlərini bölüşüb.

“İlk hissədə yenə qol vura bilərdik, lakin futbolçularım tələskənlik etdilər. Müdafiədə nizam-intizamımız pozuldu, futbolçular müdafiə olunarkən birinci yarıda olduğu kimi oynamadı. Buna görə də qapımızda qollar gördük”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

O, daha sonra toparlanmağa çalışdıqlarını bildirsə də, istədiklərini həyata keçirə bilmədiklərini də vurğulayıb:

“Hücuma say üstünlüyü ilə çıxdıq, amma sonluğu gətirə bilmədik. Rəqib cinahdan ötürməsi müdafiəçi ilə hücumçunun anlaşılmazlığı səbəbindən qapımızda ikinci qolla nəticələndi. Düzdür, “Xankəndi” turnir cədvəlində 3 xal önə keçdi. Bu, hər şeyin bitdiyi demək deyil. Hələ qarşıda çox oyunumuz var və “Xankəndi” ilə də bir matçımız qalıb. Toparlanıb çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik. Hər şey öz əlimizdədir və futbolçularıma inanıram. Oyunçularımın bu qarşılaşmada məğlub olaraq həvəsdən düşməyəcəyinə, əksinə daha da məsuliyyətlə bütün oyunlara qələbə əzmi ilə çıxacaqlarına inanıram. Biz bir məqsədimiz var - çempionluq. İnşallah, mövsümün sonunda hədəfimizə çatacağıq”.

Qeyd edək ki, görüş “Xankəndi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Xankəndi” turnir cədvəlində “Qaradağ Lökbatan”ı 3 xal qabaqlayaraq vahid liderliyə yüksəlib.

İdman.Biz