Eşqin Əhmədov: “Yeni transferlər gücümüzə güc qatdılar” - MÜSAHİBƏ

7 Fevral 2026 18:15
94
Eşqin Əhmədov: “Yeni transferlər gücümüzə güc qatdılar” - MÜSAHİBƏ

“Matçdan sonra baş məşqçimiz bu görüşü unutmağı və qarşıdakı oyunu fikirləşməyimizi tapşırdı”.

Bunu “Qəbələ”nin futbolçusu Eşqin Əhmədov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Sabah”la heç-heçə etdiniz. Penaltini qola çevirsəydiniz, qələbə də qazana bilərdiniz. Nəticəni necə şərh edərdiniz?

– Liqada 1-ci yerdə qərarlaşan komandaya qarşı oynadıq. Matçın çətin keçəcəyini bilirdik. Üstəlik, qarşılaşma səfərdə idi. Düşünürəm ki, müdafiədə düzgün oynadıq. Ələ düşən fürsətləri dəyərləndirsəydik, qələbə qazana da bilərik.

– Oyundan sonra baş məşqçi Kaxaber Sxadadze futbolçulara nə dedi?

– Matçdan sonra baş məşqçimiz bu görüşü unutmağı və qarşıdakı oyunu fikirləşməyimizi tapşırdı.

– “Sabah”la ilk matçdakı qolsuz heç-heçədən sonra hansı komandanın yarımfinala çıxmaq şansı daha çoxdur? Qəbələdə keçiriləcək cavab qarşılaşmasından hansı nəticəni gözləyirsiniz?

– Turu keçmək şansı hazırda hər iki komanda üçün bərabərdir. Fikrimcə, cavab matçında daha diqqətli davranaraq əlimizə düşən fürsətləri dəyərləndirə bilsək, növbəti tura vəsiqə qazanan tərəf biz olarıq.

– “Qəbələ” mövsümün ikinci yarısına yaxşı başlayıb, məğlubiyyət üzü görməyib. Bunun sirri nədədir? Necə oldu ki, komanda uğurlu nəticələr qazanmağa başladı?

– Bu mövsüm geridə qalan oyunlarda, demək olar ki, bütün rəqiblərə qarşı yaxşı oyun nümayiş etdirdik. Amma fərdi səhvlərə və son nöqtədəki problemlərə görə istədiyimiz nəticəni əldə edə bilmirdik. Qış fasiləsindən sonra müdafiədə daha diqqətli davranıb, yaratdığımız qol epizodlarını daha yaxşı dəyərləndiririk. Komandaya yeni qoşulan transferlər də gücümüzə güc qatdılar.

– Qarşıda sizi “Neftçi” ilə çempionat oyunu gözləyir. “Qəbələ” kimi, rəqibiniz də qış fasiləsindən sonra inamlı təsir bağışlayır. Bu görüşdə şansları necə dəyərləndirirsiniz?

– Bilirik ki, “Neftçi” də mövsümün ikinci yarısına yaxşı başlayıb. Amma biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Əlimizdən gələni edəcəyik ki, bu görüşdə də uğurlu çıxışımızı davam etdirək.

– “Qəbələ”nin Premyer Liqadakı yerini qoruyacağını indidən əminliklə demək olar? Sizcə, mövsümü neçənci pillədə bitirə biləcəksiniz?

– Hələ çempionatın bitməyinə çox vaxt var. İndidən əminliklə heç nə demək olmaz. Komandanın potensialı nəinki liqada qalmağa, hətta daha yuxarı pillələrə oynamaq üçün uyğundur.

İdman.Biz