“Zirə”nin kapitanı: “Rahatlaşmaq olmaz, hələ görüləsi çox iş var”

Xəbərlər
14 Yanvar 2026 15:55
38
“Zirə”nin kapitanı: “Rahatlaşmaq olmaz, hələ görüləsi çox iş var”

“Hazırlıq prosesi plan üzrə davam edir. Komandada ab-hava yaxşıdır, futbolçular məşqlərə yüksək motivasiya ilə yanaşırlar. Hələ görüləsi işlər var, amma ümumi vəziyyətdən razıyıq”.

Bu sözləri “Zirə”nin kapitanı Qismət Alıyev deyib.

29 yaşlı futbolçu komandasının qış hazırlığından danışıb.

“Yoxlama oyunu bizim üçün nəticədən çox oyun baxımından önəmli idi. Müəyyən epizodlarda istədiklərimizi gördük. Bu cür qarşılaşmalar bizə səhvləri vaxtında görmək və onları vaxtında aradan qaldırmaq üçün lazımdır”, - deyə sport24.az-a açıqlamasında deyib.

O, cari mövsüm barədə də fikirlərini bölüşüb:

“Bu, mövsüm həqiqətən çox gərgin və rəqabətlidir. Hazırda turnir cədvəlində üçüncü pillədəyik, amma rahatlaşmaq olmaz. Qarşıda hələ vacib oyunlar var. Məqsədimiz stabil oyun göstərmək və mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaqdır. Buna gücümüz və potensialımız var”.

Qeyd edək ki, Antalyada təlim-məşq toplanışında olan “Zirə” srağagün yoxlama oyununda Rumıniyanın “Çiksereda” komandası ilə heç-heçə edib - 3:3.

İdman.Biz