Vaqif Cavadov “Qarabağ” üçün güclü klub istəyir: “Milan”, “Feyenoord” əlavə təcrübədir” – MÜSAHİBƏ

Müsahibə
16 Dekabr 2023 14:11
740
Vaqif Cavadov “Qarabağ” üçün güclü klub istəyir: “Milan”, “Feyenoord” əlavə təcrübədir” – MÜSAHİBƏ

Azərbaycanın millisinin və “Qarabağ”ın sabiq futbolçusu Vaqif Cavadovun İdman.biz saytına müsahibəsi

- “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda “Hekken”i məğlub edərək, yeni tarix yazdı. 2:1 hesablı qələbəni necə dəyərləndirərdiz?

- Matçı təəssüflər olsun ki, stadiondan izləyə bilmədim. “Qarabağ” istədiyi nəticəni əldə etmək üçün hər şey etdi və yaxşı oyun göstərdi. Məncə, həm azarkeşlər həm də, Azərbaycan futbolu bu qarşılaşmadan çox razı qaldı. İnanıram ki, növbəti mərhələdə bu uğurlarını davam etdirəcəklər.

- Komanda tarixdə ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Artıq mümkün rəqibləri də bəllidir və 2 gün sonra püşk atılacaq. Sizcə, onlardan hansı “Qarabağ”a münasibdir?

- Güclü, heyətində ulduzlar olan komandaların Azərbaycana gəlməsini çox istərdim. “Milan”, “Qalatasaray”, “Feyenoord” və digər klublar çox yaxşıdırlar. Bunlara qarşı mübarizə aparmaq komandaya əlavə təcrübə qazandırır. Fikrimcə, azarkeşlərdə istərdi ki, “Qarabağ” yaxşı klublarla oyun keçirsin. Lakin hansı rəqib olursa olsun, “Qarabağ”a uğurlar arzu edirəm. İnanıram ki, bu günə kimi Ağdam təmsilçisi Avropada bizi necə layiqincə təmsil edibsə, bundan sonra da ardını gətirəcək.

- Bəs “Qarabağ” daha bir mərhələ də adlayaraq 1/8 finala yüksələ bilər?

- Təbii ki, hamımız “Qarabağ”ın daha da irəliləməsini istəyirik. Ancaq reallığa da baxmaq lazımdır ki, çox güclü rəqiblər var. Mümkünsüz olan heç yoxdur. Düşünürəm ki, “Qarabağ” böyük istəklə çıxış edərək, bunu da bacarar. Çünki Ağdam klubu buna layiqdir.

- “Qarabağ”ın hazırkı heyəti pley-offda mərhələ adlamağa kifayət edəcək, yoxsa yeni transferlər vacibdir?

- “Qarabağ”ı heyətindəki futbolçular bu mərhələyə daşıyıb. Bu oyunçularla uğur qazanmaq mümkün olubsa, bundan sonra da irəli getmək mümkündür. Qurban Qurbanovun komandası çox yaxşıdır.

- Yəni “Qarabağ”da hansısa mövqenin güclənməsinə ehtiyac yoxdur?

- Bununla bağlı yalnız baş məşqçi dəqiq nəsə deyə bilər. Kənardan görünən odur ki, “Qarabağ”ın hər bir futbolçusu çox yaxşı formadadır. Fərdi səhvlər olmasa, Azərbaycan çempionun növbəti mərhələdə uğur qazanacağına inanıram.

Banuçiçək Hüseynli
İdman.biz