Qurban Qurbanov: “Elvin Cəfərquliyevə bel bağlamaq olmaz”

Xəbərlər
2 Oktyabr 2025 01:20
55
Qurban Qurbanov: “Elvin Cəfərquliyevə bel bağlamaq olmaz”

"Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusunun ilk olaraq mənim komandamdan seçilməsinə, həm də öz komandamdan azərbaycanlının seçilməsinə çox sevinirəm və böyük dəyər verirəm".

İdman.biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kopenhagen”lə (2:0) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilmiş "Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusu adını qazanıb.

“Elvin heç də rahat futbolçu deyil. Çünki dəfələrlə olub ki, o, öz idman formasından çox aşağı səviyyədə oynayıb. Sonra qalxıb, düşüb, yenə qalxıb. Yəni stabillik kəşf edə bilməyib. Son oyunlarda yəqin özü də ciddiləşir, mən də onunla daha ciddi rəftar eləyirəm. Belə deyim də, ona bel bağlamaq olmaz” – Qurban Qurbanov deyib.

Baş məşqçi Elvini kifayət qədər ciddi və məsuliyyətli olmamaqda günahlandırıb: “Hamımız bir az diqqətli olmalıyıq. İstənilən an hamımız öz bacarıq və qabiliyyətimizdən aşağı istifadə edə bilərik. Amma Elvinə bəlkə də bir neçə il lazımdır ki, bu məsuliyyəti dərk eləsin. Yəni, bəlkə də onun daha ciddi olmağı, daha böyük olmağı, özünü meydanda daha yaxşı aparmağı üçün bir neçə il vaxt lazımdır. Amma əgər biz bir neçə il gözləsək, bu, bizim üçün heç də yaxşı olmaz. Hər bir halda çalışırıq ki, onu əldə saxlayaq. Mən əminliklə deyirəm ki, bu, hələ Elvinin tam potensialı deyil. O əgər daha ciddi olsa, futbol haqda çox fikirləşsə, uğurları daha böyük olar”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində “Qarabağ” – “Kopenhagen” oyunu Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə nəticələnib. Ağdamlıların “Atletik”lə növbəti oyunu oktyabrın 22-də rəqibin meydançasında olacaq.

İdman.biz