Azərbaycanlı sprinter Ramil Quliyevdən sonra ikinci nəticə ilə Tokioya yollanır

Xəbərlər
6 Sentyabr 2025 12:08
63
Azərbaycanlı sprinter Ramil Quliyevdən sonra ikinci nəticə ilə Tokioya yollanır

Sentyabrın 13-də Tokioda atletika üzrə dünya çempionatı start götürəcək. Azərbaycanı Yaponiyada yalnız bir idmançı – 200 metr məsafədə mübarizəyə qatılan Əlham Nağıyev təmsil edəcək.

Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə İdman.biz-ə açıqlamasında bildirib ki, hazırda sprinter komandanın lideridir.

Federasiya rəsmisi vurğulayıb ki, dünya çempionatına çəkicatma üzrə idmançımız Anna Skidan da düşmüşdü, lakin o, yaxınlarda ana olduğu üçün yarışa qatıla bilməyəcək: "Əlhama gəldikdə isə o, bu il Mariborda keçirilən Avropa komandalar çempionatında 100 və 200 metr məsafələrdə qələbə qazanıb, ardınca isə Yunanıstanda Balkan ölkələrinin çempionu olub və 200 metr məsafədə 20.70 saniyəlik nəticə göstərib. Buna görə də Nağıyev Tokioda çıxış etmək hüququ qazanıb”.

Nağıyevin sentyabrın 17-də starta çıxacağını deyən Sultanzadə, həmçinin idmançının Tokio mundialındakı perspektivlərinə də toxunub: “Əlham Tokioya bu ilki nəticəsini – 20.70–20.80 saniyə aralığında göstərə bilsə, bu, çox yaxşı nəticə sayılacaq. Bu göstərici ilə o, hətta növbəti mərhələyə də yüksələ bilər. Onun səviyyəsindəki idmançı üçün bu böyük uğur olar. Çünki Ramil Quliyevdən sonra belə yüksək nəticə (20.70 saniyə) göstərən ikinci atlet məhz Nağıyevdir”.

Baş katibin sözlərinə görə, mövsümün daha bir vacib yarışı noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək İslam Həmrəyliyi Oyunları olacaq: “Komanda həmin yarışa hazırlaşır, amma yekun heyət sentyabrın 22-dən sonra bəlli olacaq. Normativlərin icrası nəzərdə tutulmayıb, idmançılar "World Athletics" reytinqinə əsasən seçilirlər. Məsələn, 100 metr qaçışda İslam həmrəyliyi ölkələrindən ilk 32 atlet iştirak hüququ qazanacaq. Texniki növlərdə – üçtəkanla tullanma, uzunluğa tullanma, nüvəitələmə üzrə iştirakçı sayı daha az olacaq – hər birində cəmi on nəfər. Bu da təsnifatı bir qədər çətinləşdirir. Hazırda İslam Həmrəyliyi Oyunlarının təşkilat komitəsinin təsdiqlədiyi kvotaya Əlham Nağıyev (200 metr), Lamiya Vəliyeva (100 və 200 metr), Rüstəm Məmmədov və Yekaterina Sarıyeva (hər ikisi – üçtəkanla tullanma) daxildir. Ehtiyat siyahıda isə Nazim Babayev (uzunluğa tullanma, 14-cü yer), İsmayıl Əliyevdir (nüvəitələmə, 15-ci yer). Hər şey sentyabrın 22-dən sonra dəqiqləşəcək”.

Zəki Feyzullayev,
İdman.biz