Məhərrəm Sultanzadə: “Legionersiz millimiz son illərin ən uğurlu nəticəsini əldə etdi”

Xəbərlər
26 İyun 2025 17:12
45
Məhərrəm Sultanzadə: “Legionersiz millimiz son illərin ən uğurlu nəticəsini əldə etdi”

“Millimiz Sloveniyanın Maribor şəhərində keçirilən komandalar arasında Avropa çempionatında son illərin ən uğurlu nəticəsini əldə etdi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə qurum mətbuat xidmətinə açıqlamasında deyib.

O, yarışda qazanılan nəticələrlə uğurlu adlandırıb: "Yarışda 3-cü divizionda yer alan komanda ümumi hesabda 315,5 xal toplayaraq 15 ölkə arasında 6-cı yeri tutdu. Yığma 2017-ci ildə 10-cu, 2019-cu ildə 11-ci, 2021-ci ildə 15-ci, 8 atlet ilə qatıldığımız 2023-cü ildə isə 13-cü sırada qərarlaşmışdı. Aparılan təhlillərdən sonra bu dəfə məqsədimiz daha geniş heyətlə təmsil olunmaq idi. Yekunda Sloveniyaya 24 idmançı yollandıq. Daha bir diqqət çəkmək istədiyim məqam bu dəfə heyətdə legionerlərin olmamasıdır. İdmançılarımızın onlara olan etimadı doğrultduğunu söyləyə bilərəm".

Sultanzadə atletlərin çıxışlarını da şərh edib: "Əlhəm Nağıyev həm 100, həm də 200 metr məsafəyə qaçışda 1-ci oldu. Bu məsafələrə qaçışda qadınların mübarizəsində Lamiyə Vəliyeva 2-ci yeri tutdu. Lamiyə 23,58 saniyə göstərici ilə 200 metr məsafədə yeni Azərbaycan rekordunu müəyyənləşdirdi. Üçtəkanla tullanmada Rüstəm Məmmədov, bu növdə qadınlar arasında Yekaterina Sariyeva bütün rəqiblərini qabaqladılar. 4x400 məsafəyə qaçışda qarışıq estafetdə təmsilçilərimiz daha bir ölkə rekordunu yenilədilər. Cabir Əliyev, İsmayıl Əliyev, Bəxtiyar Əsgərli, Anna Yusupova və digər atletlərimiz də komandamıza olduqca vacib xallar qazandırdılar. Federasiya prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə aparılan işlərin daha da uğurlu olacağına inanırıq. Məqsədimiz, idmançılarımızın davamlı inkişafını təmin etmək, perspektivli kiçik yaşlı yeniyetmə atletləri müəyyən edərək onlara maksimum dəstək vermək və qarşıdakı yarışlarda uğurlu nəticələrlə xalqımızı sevindirməkdir. Hər zaman olduğu kimi bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, bütün idmançı və məşqçi heyətinə, tibb personalına dərin təşəkkürümü çatdırıram".

İdman.biz