Millimizin baş məşqçisi: “Onlardan ən yaxşı nəticəni göstərən dünya çempionatına yollanacaq”

Xəbərlər
26 Yanvar 2024 17:18
359
Millimizin baş məşqçisi: “Onlardan ən yaxşı nəticəni göstərən dünya çempionatına yollanacaq”

“Atletika üzrə qış Azərbaycan çempionatı dünya çempionatı üçün lisenziya xarakteri daşıyır”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Hakim İbrahimov deyib.

Gənc mütəxəssis mundiala yollanmaq üçün artıq 3 namizədin olduğunu bildirib: “Bunlar Kəskin Abbaszadə, Nazim Babayev, Yekatrina Sarıyevadır. Dünya çempionatı martın 1-3-də keçiriləcək. Hətta bu mundialda lisenziyasız bir nəfər üçün yer verilib. 3 idmançıdan ən yaxşı nəticəni kim göstərsə, o da dünya çempionatına yollanacaq. Azərbaycan birinciliyi, həmçinin əlavə reytinq xalları var. Bu da Paris-2024 Yay Olimpiya Oyunlarına əlavə şansdır”.

İbrahimovun sözlərinə görə, uzunluğa tullanmada Nazim Babayevin ilk yarışdakı nəticəsi 7,69 m olub: “Dünya çempionatında isə 8,26 m normativdir. Bu, böyük bir fərqdir. Düzdür, onun Azərbaycan çempionatındakı normativi yerinə yetirməsi çətindir. Çünki sırf Nazimlə hazırlığı Olimpiya Oyunlarına hesablamışıq. Yayda isə artıq ondan Paris-2024-ə lisenziya gözləyirik. Lakin buna baxmayaraq, onun dünya çempionatına yollanmağa böyük şansları var. Bu, artıq sabahki yarışdan sonra dəqiqləşəcək”.

O bildirib ki, Olimpiadaya bacardıqca çox lisenziya əldə etməyə çalışacaqlar: “Atletlərimizdən də gözlədiyimiz nəticəni ala bilmək üçün keyfiyyət yüksək olmalıdır. Ölkəmizdə atletika idman növünün inkişafı istiqamətində bir çox addımlar atılır. Bölgələrimizə səfərlər planlaşdırılır ki, regionlarda olan istedadlı uşaqları kəşf edərək millimizə cəlb edək. Ötən ilin oktyabrında 5 regionlarımızdan 1000 nəfərə yaxın uşaq arasında 31 nəfəri seçmişik. Artıq qarşıdakı aylarda həmin uşaqları Bakıya gətirərək, əlavə testlər edəcəyik. Yekunda onlar arasında ən yaxşı 10-15 potensialı olan uşaqları komandada saxlayacağıq”.

Qeyd edək ki, Azərbaycan çempionatı 2 gün davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz