Cavid Qurbanov: “Təəssüflər olsun ki, hələlik buna nail ola bilmirik” - FOTO

26 Yanvar 2024 16:07
688
Cavid Qurbanov: “Təəssüflər olsun ki, hələlik buna nail ola bilmirik” - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə atletika üzrə ölkə qış çempionatının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə AAF-ın prezidenti Cavid Qurbanov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva, federasiya nümayəndələri, atletlər və media nümayəndələri iştirak ediblər.

Qurbanov bildirib ki, çempionatda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140 atlet mübarizə aparacaq: “Yarışın ölkənin bütün hər yerini əhatə etməsini istərdik. Təəssüflər olsun ki, hələlik buna nail ola bilmirik. Ancaq bu istiqamətdə müəyyən işlər aparırıq. İnanırıq ki, atletika Azərbaycanın bütün regionlarında inkişaf edəcək və gəncləri bu idmana cəlb edə biləcəyik”.

Mirzəyeva 2024-cü ilin mühüm bir il olduğunu xatırladıb. Onun sözlərinə görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün idmançılarımız müxtəlif yarışlarda iştirak edirlər: “Atletlərimiz də artıq bu istiqamətdə bir sıra yarışlarda mübarizəyə başlayıblar. Ölkəmizdə bu idman növünün inkişafı istiqamətində bir çox işlər görülür”.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub. Yarış 2 gün davam edəcək.

Qeyd edək ki, turnirin proqramına 3 təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 3000 metr məsafəyə qaçış, 4x200 metr qarışıq estafet qaçış növləri daxildir.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: