“Mogilyov şəhərində təşkil olunan kamandan oxatma üzrə Belarus çempionatı olduqca maraqlı keçib”.
Bu barədə yarışda gümüş medal qazanan Azərbaycan təmsilçisi Yaylagül Ramazanova deyib.
O, turnirlə bağlı təəssüratlarını bölüşüb.
“Belarusda iki həftəlik təlim-məşq toplanışı keçdikdən sonra özümüzü yoxlamaq üçün ölkədaxili yarışa qatıldıq. Sıralama mərhələsində 639 xal toplayaraq birinci oldum və final mərhələsinə keçdim. Burada isə ikinci yeri tutdum. Həm toplanış, həm də yarış olduqca maraqlı keçdi. Məşqçilərimizə, bizə verilən dəstək üçün Gənclər və İdman Nazirliyinə, federasiyaya təşəkkür edirəm”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
Xatırladaq ki, turnirdə Fatimə Hüseynli qızıl mükafata sahib çıxıb. O, 70 metr məsafəyə qadınlar arasında fərdi turnirdə 632 təsnifat xalı toplayaraq bütün rəqiblərini üstələyib. Eyni kateqoriyada Yaylagül Ramazanova gümüş medal qazanıb. F.Hüseynli qarışıq komanda növündə isə belaruslu oxatan Kiril Firsov ilə birgə mübarizə apararaq bürünc medalı aktivinə yazdırıb.
