Fərid Qayıbov: “Xankəndində beynəlxalq yarışların təşkili həm qürur, həm də məsuliyyətdir” - FOTO

Xəbərlər
3 Oktyabr 2025 09:51
68
Fərid Qayıbov: “Xankəndində beynəlxalq yarışların təşkili həm qürur, həm də məsuliyyətdir” - FOTO

Ötən gün Xankəndi şəhər stadionunda, III MDB Oyunları çərçivəsində keçirilən kamandan oxatma yarışlarının ilk günü başa çatıb.

İdman.biz xəbər verir ki, yarışları yerində izləyən Gənclər və İdman naziri Fərid Qayıbov jurnalistlərin suallarını cavablandırıb.

O, idmançılarımızın çıxışı, həm də bu yarışların ölkənin müxtəlif bölgələrində keçirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Nazir bildirib ki, III MDB Oyunları artıq dörd gündür davam edir və nəticələr sevindiricidir:

“İdmançılarımız müxtəlif növlərdə uğurla çıxış edirlər. Məsələn, üzgüçülükdə əvvəlki oyunlarda heç medalımız yox idi. Bu dəfə isə artıq iki qızıl medal qazanmışıq. Bu, federasiyalarımızın düzgün işlədiyini və idmanda inkişafın getdiyini göstərir. Əsas məqsədimiz yeniyetmə idmançılarımızı böyüklər səviyyəsinə çatdırmaq və onların beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etməsidir”.

Fərid Qayıbov xüsusilə qeyd edib ki, III MDB Oyunları paytaxt Bakıdan kənarda - Azərbaycanın yeddi bölgəsində keçirilir. O, bunu ölkənin idman infrastrukturunun və təşkilatçılıq potensialının genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirib:

“Bundan öncə ölkəmiz üç böyük multi-idman tədbirinə ev sahibliyi edib – 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə Avropa Gənclər Yay Olimpiya Festivalı. Hər üç yarış yalnız Bakıda təşkil olunmuşdu. Lakin bu dəfə, Prezidentin təşəbbüsü və qərarı ilə, III MDB Oyunları Azərbaycanın yeddi müxtəlif bölgəsində – o cümlədən Xankəndi şəhərində – keçirilir. Bu bölgələrin idman həyatına yeni nəfəs verir və yerli mütəxəssislərlə işləmək, könüllüləri cəlb etmək üçün geniş imkanlar açır. Bu yarışların təşkilində 3 minə yaxın könüllü və minə yaxın əməkdaş iştirak edir ki, bu da böyük təcrübədir”.

Xankəndində keçirilən yarışlar haqqında danışan Fərid Qayıbov bildirib: “Xankəndində beynəlxalq səviyyəli yarışların təşkili bizim üçün həm qürur, həm də böyük məsuliyyətdir. Burada ilk genişmiqyaslı tədbir 2023-cü ilin dekabrında keçirildi. Həmin vaxt futbol oyunu təşkil olunmuşdu və stadionun yenidən qurulması ilə bağlı qərar verilmişdi. Bu gün isə bu stadion beynəlxalq yarışa ev sahibliyi edir. Bu, bölgənin bərpasının və həyatın yenidən canlandığının nümunəsidir. Burada yaradılan şərait və yerləşmə ilə bağlı iştirakçı ölkələrin nümayəndələrindən çox müsbət rəylər alırıq”.

Hazırda Azərbaycan medal sıralamasında ikinci pillədə qərarlaşıb. Nazir bildirib ki, bu nəticə həm idmançıların, həm də federasiyaların ciddi hazırlığının və təşkilatçılıq fəaliyyətlərinin nəticəsidir:

“Ölkəmiz əvvəlki MDB Oyunlarında ümumi sıralamada dördüncü pillədə qərarlaşmışdır. İndi isə ikinci pillədəyik və ümid edirik ki, yarışların sonuna qədər bu mövqeyi qoruyacağıq. İdmançılarımız doğma divarlar arasında yüksək əzm və məsuliyyətlə mübarizə aparırlar, biz isə onlara tam inanırıq”.

İdman.biz