Qurban Qurbanov: “İndi rəqiblər bizə qarşı 100% məsuliyyətli olacaqlar” - VİDEO

Xəbərlər
1 Oktyabr 2025 23:13
105
Qurban Qurbanov: “İndi rəqiblər bizə qarşı 100% məsuliyyətli olacaqlar” - VİDEO

“İlk öncə azarkeşlərimizi təbrik etmək istəyirəm. Həqiqətən möhtəşəm idilər. Qalibiyyətə layiq idilər”.

İdman.biz bildirir ki, bu sözləri “Qarabağ” FK-nin Baş məşqçisi Qurban Qurbanov “Kopenhagen”lə oyundan sonra CBC Sport-a açıqlamasında bildirib.

“Futbolçularıma təşəkkür edirəm. Baxmayaraq ki, ikinci hissədə bir az anlaşılmazlıq oldu, rəqib sistemi bir az dəyişdi, oyunun 15-20 dəqiqəsində vəziyyəti tam ələ ala bilmədilər. Amma getdikcə istənilən zonada rəqibi qarşılaya bildilər. Bir neçə yaxşı əks-hücum epizodumuz oldu, amma bir az dəqiqliyimiz çatmadı. Bu oyunlar belədir: burada yalnız final fitindən sonra bilirsən ki, qalib gəlirsən. Bura Çempionlar Liqasıdır, istənilən nəticə ola bilır. Çox gözəl, çox möhtəşəm, hamını təbrik edirəm” – Qurbanov deyib.

O əlavə edib ki, əslində Liqanın startında belə nəticəni gözləməyib: “Belə nəticəni, yəni iki oyundan iki qələbəni, tam olaraq gözləmirdim. Amma futbolçularıma inanırdım. Sadəcə turnirin ad-sanından ehtiyat edirdim ki, oyunçular öz bacarıqlarını göstərə bilməyəcəklər. Amma hər biri elə ilk oyundan turnirə uyğunlaşdılar”.

Məşqçi “Atletik”lə keçirəcəkləri növbəti oyun barədə də danışıb.

"Hələ “Atletik Bilbao”nun oyunlarına tam baxmamışıq, qarşıdakı oyunlara daha düzgün hazırlaşmaq lazımdır. Bizə qarşı indi rəqiblər 100% məsuliyyətli olacaqlar, bəlkə də daha artıq. Amma intizamlı oyun göstərərək bu turnirin dadını çıxarmağa çalışacağıq”, - Qurbanov deyib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində “Qarabağ” – “Kopenhagen” oyunu Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə nəticələnib. Ağdamlıların “Atletik”lə növbəti oyunu oktyabrın 22-də rəqibin meydançasında olacaq.

İdman.biz