"Yarışa qədər cəmi iki dəfə güləşə bildim".
Bu sözləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında (92 kq) bürünc medal qazanan Osman Nurməhəmmədov İdman.biz-ə müsahibəsində deyib.
O, yarış və gələcək planları barədə danışıb.
- Bürünc medal sizi tam qane etmədi?
- Əlbəttə, daha yaxşı nəticə istəyirdim. Təəssüf ki, son hazırlıqdan əvvəl xəstələndim, hərarətim qalxdı, məşqləri buraxdım. Yarışa qədər cəmi iki dəfə güləşə bildim. Gücüm yox idi, yalnız təcrübəmə arxalandım.
- Döyüşlər necə keçdi?
- İlk görüşdə hindistanlı rəqibi çətinliklə uddum. İkinci qarşılaşmada yunan idmançısı zədə aldı. ABŞ təmsilçisi Trent Hidli ilə isə cəmi bir neçə dəqiqə davam gətirdim. İlk dəfədir belə böyük fərqlə – 4:15 uduzdum.
- Bəs bürünc uğrunda görüşdə gücü haradan tapdınız?
- Səhərə yaxın oyandım, limfa düyünlərim şişmişdi. Çətin olsa da, özümü toparladım, səhvsiz güləşdim və medalı qazandım.
- Dörd dünya çempionatında dörd medal. Bunu necə qiymətləndirirsiniz?
- Daim toplanışdayıq, böyük yarışlara hazırlaşırıq. Bu, peşəkarlığı artırır. Amma bu dəfə bəxtsizliklər oldu.
- Gələcək planlarınız nələrdir?
- Yeni olimpiya dövründə çəki dəyişməyi düşünürəm. Böyük ehtimalla 97 kq-da çıxış edəcəyəm. Orada ciddi rəqabət var, amma inkişaf üçün vacibdir.
Teymur Tuşiyev
İdman.biz