Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının məşqçisi Həsən Əliyevin İdman.biz saytına müsahibəsi
- Noyabrın 27-də Bakıda start götürəcək hərbçilərin dünya çempionatına yığma sizin rəhbərliyiniz altında çıxacaq. Hazırlıq necə gedir?
- Artıq təlim-məşq toplanışının son mərhələsidir. Sınaq görüşlərimizi keçirdik. Xırda zədəlilərimiz var. O da normaldır. Ümumilikdə hər şey qaydasındadır.
- Yarışda çıxış edən güləşçilərin seçimində əsas nələrə fikir verdiz?
- Seçim bundan əvvəl yarışlarda göstərilən nəticələr və perspektivlərə görə edilib. İdmançılarımızın çoxu uğur qazananlardır. Bəzi çəkilərdə zədəli olanların yerinə 2-ci nömrələrə şans verəcəyik. Yarış ölkəmizdə keçirildiyi üçün heyət seçimində maksimum səviyyədə diqqətli olmağa çalışmışıq.
- Dünya çempionatı ilə bağlı gözləntiləriniz nədir? Kimlərin medal qazanacağına ümid edirsiz?
- Heyətimizin güclü olduğunu düşünürəm. Bu səbəbdən də nəticənin yüksək olacağına ümid edirəm. Ad çəkmək istəmirəm. Çünki mundialda bir çox gənc güləşçilərimiz iştirak edəcək. Kimlərinsə adını çəkməsəm, bu, onlara psixoloji təsir edə bilər. Odur ki, yarış zamanı hər şey bəlli olacaq.
- Bəs komandamız üçün əsas rəqib kimləri hesab edirsiz?
- Əsas rəqiblərimizin hər biri Bakıya gəlir. İran, Rusiya və Türkiyə güləşçiləri ilə daim rəqabətimiz olub. Onlar da bu turnirdə iştirak edəcəklər.
- Mundialın doğma divarlar arasında keçirilməsini idmançılarımız üçün üstünlük saya bilərik?
- Bəli. Dünya çempionatının ölkəmizdə keçirilməsi idmançılarımızda xüsusi ruh yüksəkliyi yaradacaq. Düşünürəm ki, doğma divarlar arasında daha rahat çıxış edəcəklər. Ən əsası da hakimlərin qərəzi ilə qarşılaşmayacaqlar.
Emin Ağa
İdman.biz