Paris-2024 Yay Olimpiya Oyunların güləş yarışlarında Azərbaycanı 2 hakim təmsil edə bilər.
Bunu İdman.biz saytına Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Qərib Əliyev deyib.
O bildirib ki, Fransa paytaxtında baş tutacaq Olimpiada referiliyə Sədi Quliyev və Asif Şirəliyev real namizəd hesab olunurlar. Əliyevin sözlərinə görə, Dünya Güləş Birliyinin dəvətinə əsasən mundiallarda hakimlərimizi Paris-2024-də də izləmək istisna deyil: “Gələn il Sədi Quliyev və Asif Şirəliyevi Avropa çempionatı, Avropa və dünya təsnifat turnirləri gözləyir. 3 yarışdakı idarəçiliyə əsasən onların Yay Olimpiya Oyunlarına təyinatı rəsmiləşə bilər. İnanırıq ki, hakimlərimiz etimadı doğruldaraq Paris-2024-də Azərbaycanı təmsil edəcək”.
Hakimlər Kollegiyasının sədri Azərbaycanın 23 beynəlxalq dərəcəli güləş hakiminin də olduğunu deyib: “Onlardan 3-ü I-S, 9-u I, 4-ü II və 7-si III kateqoriyalıdır. Xəyal Əliyev və Eldar Bayramov da III kateqoriyadan II kateqoriyaya keçmək üçün imtahan veriblər. Onların cavabları ilin sonunadək məlum olacaq”.
Qeyd edək ki, bir gün öncə hakimlərimizdən Zaur Şərifov I, Kamran Baxışov isə III kateqoriyaya yiyələnib.
Emin Ağa
İdman.biz