BŞGİİ-nin və GİN-in təşkilatçılığıyla keçirilən "Unutma, YAŞAT!" minifutbol turnirinə yekun vurulub.
İdman.biz xəbər verir ki, bu gün finalda Azərbaycan Güləş Federasiyası və Azərbaycan Taekvondo Federasiyasının komandaları üz-üzə gəlib.
Ötən il də finalda məhz bu komandalar qarşılaşmış və yekunda penalti seriyasında güləşçilər qələbə qazanmışdı. Bu dəfə taekvondoçular revanş almaq niyyətində olsalar da, alınmayıb.
İlk hissədə 1 qol olub. Hacı Əliyevin havayla ötürməsini Toğrul Əsgərov gözəl zərbəylə tamamlayıb. İkinci hissənin əvvəllərində Ayxan Tağızadə hesabı bərabərləşdirib - 1:1.
Olimpiya çempionu yenidən səhnəyə çıxıb. Namaz Rüstəmovun ötürməsindən sonra topu uzaq küncə göndərən Əsgərov güləşçiləri yenidən hesabda önə çıxarıb. Finalın və turnirin son qoluna Elmir Əliyev imza atıb. Hacının ötürməsindən sonra qapıçıyla təkbətək çıxan gənc güləşçi komandasının 3:1 hesablı qələbəsini rəsmiləşdirib.
Beləliklə, güləşçilər titulunu qoruyaraq 2-ci dəfə bu turnirin çempionu olub.
İdman.biz