Həsrət Cəfərov: “Orada bir səhv etsən, daha 4 il gözləməlisən” - MÜSAHİBƏ

Müsahibə
16 Oktyabr 2023 14:42
155
Həsrət Cəfərov: “Orada bir səhv etsən, daha 4 il gözləməlisən” - MÜSAHİBƏ

Azərbaycan millisinin yunan-Roma güləşçisi Həsrət Cəfərovun (67 kq) İdman.biz saytına müsahibəsi

- Axırıncı dünya çempionatında finalda uduzdun və yarışdan müəyyən bir vaxt keçib. Soyuq başla düşünəndə məğlubiyyətin səbəbini nələrdə görürsən?

- Dünya çempionatı həqiqətən çox ağır oldu. Lisenziya xarakterli mundiallarda hamının 1 məqsədi olur - Olimpiya Oyunlarına vəsiqə qazanmaq. Finala qədər çox yaxşı çıxış etdiyimi düşünürəm. Həlledici görüşdə yorğunluq öz sözünü dedi və məğlub oldum.

- Olimpiadada ilk dəfə iştirak edəcəksən. Bu necə hissdir?

- Məni qarşıda nələrin gözlədiyini bilirəm. Çox ağır olacaq. Çalışıb Oyunlara hazır vəziyyətdə gedəcəyəm. Hələ ki, həyəcan yoxdur. Amma günlər azaldıqca bu artacaq və çox yaxşı haldır. Çünki həyəcan insanı daha da məsuliyyətli olmağa sövq edir.

- Paris-2024 Yay Olimpiya Oyunlarında sənə inam böyükdür. Bu, əlavə psixoloji gərginlik yarada bilərmi?

- Yox, əksinə, bu mənə daha da çox stimul verəcək. İnsanların mənə inanmağı məsuliyyətimi 1-ə 5 artırır.

- Parisdə özünə kimləri əsas rəqib görürsən?

- Olimpiya oyunlarında zəif rəqib olacağını düşünmürəm. Adlara da bir-bir çəkmək istəmirəm. Hər çıxdığım görüş mənim üçün final qarşılaşması olacaq. Orda səhv bağışlanmır. 4 ildən 1 olan yarışdır. Bir səhv etsən, daha 4 il gözləməlisən.

- Özündə çatışmayan və Paris-2024-ə qədər üzərində işləyəcəyin cəhətlər nələrdir?

- Çatışmayan cəhətlərim bəzi görüşlərdə etdiyim səhvlərdir. Kiçik səhvlərim çoxdur. Onların üzərində işləyirəm. Yetərincə vaxtım var. Oyunlara qədər bu səhvləri aradan qaldıracağımı düşünürəm.

- Olimpiya oyunlarına qədər hansı yarışlarda iştirak edəcəksən?

- Avropa çempionatında çıxış etmək istəyirəm. Digər yarışlarda iştirakıma isə məşqçilər qərar verəcək.

- Bəs 4 illiyin zirvə yarışında səndən nə gözləyək?

- Hədəfim qızıl medal qazanıb, himnimizi səsləndirib, bayrağımızı yüksəklərə qaldırmaqdır.

Emin Ağa

İdman.biz