Turan Bayramov: “Bu söhbət açılmamaq şərti ilə bağlandı” – MÜSAHİBƏ

Müsahibə
23 Noyabr 2024 13:00
388
Turan Bayramov: “Bu söhbət açılmamaq şərti ilə bağlandı” – MÜSAHİBƏ

Azərbaycan millisinin sərbəst güləşçisi Turan Bayramovun (74 kq) İdman.biz-ə müsahibəsi

- Paris-2024 Yay Olimpiya Oyunlarından sonra sol çiynindən əməliyyat keçirdin. Hazırda vəziyyətin necədir?
- Bundan 3 ay keçib. Hazırda vəziyyətim qənaətbəxşdir. Amma tam hazır olmağım üçün hələ vaxt lazımdır.

- Xalçaya nə vaxt qayıtmağı planlaşdırırsan?
- Dekabrın ortalarında məşqlərə başlamağı planlaşdırıram. Gələn il yanvar ayının sonu, fevralın əvvəlindən isə yarışlara qatıla bilərəm. İlk yarışımın hansı olacağına isə məşqçilər qərar verəcək.

- Artıq bu il güləş yarışları yekunlaşıb. Tarixin yaddaşına köçəcək ili sənin üçün uğurlu adlandırmaq olar?
- Fikrimcə, qənaətbəxş saymaq olar. Amma bir tərəfdən də uzun müddət hazırlaşdığım Paris-2024 Yay Olimpiya Oyunlarında medalsız qaldım. 1/8 finalda sona 4 saniyə qalmış xal verdim və uduzdum. Bu çox üzücü idi. Stressi ağır gəlirdi. Buna baxmayaraq, mənim üçün yaxşı il olduğunu deyə bilərəm.

- Ötən ilin sənlə bağlı yadda qalan hadisəsi italiyalı güləşçi Frank Çamizonu Bakıda Avropa Olimpiya Təsnifat Turnirində məğlub etdikdən sonra yaşanan qalmaqal oldu. İtaliyalı güləşçi ilə sonradan bununla bağlı söhbət etdiz?
- Artıq o söhbətin üstündən otlar bitib. Qalmaqal bitdi. O da Paris-2024-də güləşdi və məğlub oldu. Səs-küy salan, qalmaqal yaradan insanlar onun Olimpiadaya yollanmasını istəyirdilər. Şərait yaradıldı və istəyinə çatdı. Bu söhbət açılmamaq şərti ilə bağlandı. Hadisə baş verəndə Bakıda görüşdən sonra onun yanına getdim. Onunla görüşdüm, idmanda hər şeyin ola biləcəyini dedim. Frank da çox gözəl qarşıladı və əlimi sıxdı, sağollaşdıq. Çamizoyla heç bir problemim yoxdur. Parisdə də onunla uzaqdan salamlaşdıq.

- Bəs yeni ildə əsas hədəflərin nə olacaq?
- Əsas hədəfim Avropa və dünya çempionu olub, İslam Oyunlarında qalib gəlməkdir. Ürəkdən istəyirəm ki, bunları edim və kolleksiyama yeni medallar əlavə edim.

Emin Ağa
İdman.biz

Məqalədə: