Eldəniz Əzizlinin son durumu: “Risk etmədik”

Xəbərlər
27 Sentyabr 2024 17:22
1 564
Eldəniz Əzizlinin son durumu: “Risk etmədik”

“Son dəfə iyulda Macarıstanda reytinq turnirində güləşmişdim. Müəyyən fasilədən sonra xalçaya çıxdım. Özümü yaxşı hiss edirəm”.

Bunu İdman.bizə Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (60 kq) deyib.

Millinin lideri Rusiyanın Tümen şəhərində keçirilən beynəlxalq turnirdəki çıxışını dəyərləndirib. Zədə səbəbindən finala çıxmayan və gümüş medalla kifayətlənən Əzizli durumuna da aydınlıq gətirib: “Rus idmançılarının olduğu bir turnirdə səviyyə hər zaman yaxşı olur. Hər çəkidə 6-7 yerli güləşçi var idi. Qafqazın ən yaxşı güləş məktəblərinin yetirmələri mübarizə aparırdı. Zədəm olduğu üçün final görüşünə çıxmadım. Amma ciddi deyil. Sadəcə dünya çempionatına az qaldığına görə məşqçilərlə məsləhətləşib belə qərar verdik. Bərpa prosesi uzun çəkə bilər deyə, risk etmədik. Oktyabrda mundialda çıxış edəcəm. Dünya çempionatına tam hazır deyiləm, amma hələ vaxtımız var. Ona qədər hazır olacağımı düşünürəm”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 28-31-də Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

Emin Ağa
İdman.biz