Bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatına yekun vurulub.
İdman.biz xəbər verir ki, yarışın son günündə Azərbaycan yığmasının 2 medal qazanıb.
Ağanəzər Novruzov (74 kq) və Anar Cəfərli (92 kq) bürünc uğrunda yarışıb.
U-20 dünya çempionatı
Sərbəst güləş
74 kq
Ağanəzər Novruzov əvvəlcə fransalı Seyfulla İtayevə, sonra isə çinli Ninq Vanqa qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələsə qazaxıstanlı Yeqor Ancugini 7:3 hesabı ilə məğlub edən Novruzov yarımfinalda Ladarion Artezə (ABŞ) uduzub. O, bürünc uğrunda görüşdə Tamir Eshinimayeva (AİN) qalib gələrək, fəxri kürsüdə yer alıb.
92 kq
Anar Cəfərli ilk görüşündə Nikita Qobaretsi 10:0 hesabı ilə məğlub edib. O daha sonra Sali Yusrefova 3:5 hesabı ilə uduzub. Rəqib finala yüksəlib və Anar bürünc uğrunda təsəlliverici görüşdə hindistanlı Amin Sinki 10:4 hesabı ilə məğlub edib. O, amerikalı Konnor Mirasola ilə mübarizədə 3-cü yeri tutmaq şansını qaçırmayıb.
Qeyd edək ki, Azərbaycan yığması mundialı 2 gümüş, 4 bürünc medalla başa vurub. Bundan əvvəl Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Sərbəst güləşçi Xetaq Karsanov (97 kq) gümüş, qadın güləşçi Nərgiz Səmədova (55 kq) isə bürüncə sahib çıxıb.
İdman.biz