Bakıda kəmər güləşi üzrə Avropa çempionatının açılışı olub - FOTO

Xəbərlər
2 Oktyabr 2023 15:53
201
Bakıda kəmər güləşi üzrə Avropa çempionatının açılışı olub - FOTO

Milli Gimnastika Arenasında kəmər güləşi üzrə III Avropa çempionatının təntənəli açılışı olub.

İdman.biz xəbər verir ki, tədbirdə Beynəlxalq Kəmər Güləşi Assosiasiyasının baş katibi Xabir Həbibulin tamaşaçılar qarşısında çıxış edib.

Baş katib qitə birinciliyinin Bakıda keçirilməsinə şərait yaratdığına görə Azərbaycan rəhbərliyinə və Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib. “İdmanımızın kökləri qədim tarixə malikdir. Bu günlərdə biz maraqlı döyüşlərin şahidi olacağıq, idmançılar yüksək məharətlərini bizə göstərəcəklər. Biz Bakıda olmağımıza şadıq, burada gözəl şərait yaradılıb və yarışın təşkili ən yüksək səviyyədədir”, - deyə Xabibulin vurğulayıb.

Sonra gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edib. O, yarış iştirakçılarını və qonaqları salamlayıb, Azərbaycanın qitənin aparıcı kəmər güləşçilərini qəbul etməkdən məmnun olduğunu bildirib: “Ölkədə davamlı olaraq iri beynəlxalq turnirlər keçirilir, müxtəlif ölkələrdən komandalar müxtəlif çempionatlar üçün bizə gəlirlər. Bu çempionatda 20 ölkədən idmançılar mübarizə aparır. İdmançılara uğurlar arzulayıram”, - Hacıyev qeyd edib.

Daha sonra açılış mərasiminin bədii hissəsi başlayıb. Zorxana ustaları öz məharətlərini nümayiş etdirdilər.

Qeyd edək ki, yarışın ilk günündə kişilər arasında 57 kq, 62 kq, 68 kq, 75 kq, 82 kq, 90 kq, 100 kq, 100+ kq, qadınlar arasında 52 kq, 58 kq, 66 kq, 76 kq, 76+kq, çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək. Turnirdə 20 ölkədən 150 güləşçi medallar uğrunda mübarizə aparır. Azərbaycanın kəmər güləşi üzrə milli yığma komandası yarışda 32 kişi və 10 qadın idmançı ilə təmsil olunur.

Zəki Feyzullayev
İdman.biz