“Yarış çox yüksək səviyyədə təşkil olunmuşdu”.
Bunu İdman.bizə Azərbaycan millisinin güləşçisi Elnurə Məmmədova ( 53 kq) deyib.
O, Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında qızıl medal qazanmasını şərh edib. Məmmədova bildirib ki, yarış onun üçün böyük təcrübə olub: “Bu uğur böyükdür. Təbii ki, qızıl medal qazananda keçirdiyim hissləri sözlərlə ifadə etmək çətindir. Yarışa yollanmamışdan öncə çempionluğu hədəfləmişdim və fəxri kürsünün ən yüksək pilləsinə qalxacağıma da inanırdım. Təbii ki, inam da bacarmağın yarısıdır. Kazanda keçirilən bu turnirə yüksək səviyyədə hazırlaşmışdıq. Görüşlərimdən ən çətini rusiyalı güləşçi ilə oldu. Ona qarşı mübarizədə bir az çətinlik çəkdim”.
Pəhləvanın sözlərinə görə, o, dünya çempionatında da Azərbaycan himnini səsləndirməyi hədəfləyib: “İnanıram ki, orda da yaxşı nəticə əldə edib, bayrağımızı yüksəklərdə dalğalandırıb, himnimizi səsləndirəcəm. Bu mənim üçün ən böyük uğur və qürur mənbəyi olacaq”.
Qeyd edək ki, Azərbaycan idmançıları Oyunlarda hələlik 11 medal (3-3-5) qazanıb.
Banuçiçək Hüseynli
İdman.biz