Həsən Əliyev: “Bu yarışdakı nəticə onlar üçün böyük titul sayılmır”

Müsahibə
11 İyun 2024 17:50
372
Həsən Əliyev: “Bu yarışdakı nəticə onlar üçün böyük titul sayılmır”

“3 qızıl medal gözlənilən nəticə idi”.

Bunu idman.bizə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsən Əliyev deyib.

O, Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq seriyalı turnirdə iştirak edən millinin çıxışını dəyərləndirib. Əliyevin sözlərinə görə, bu yarışa ən yaxşı heyətlə yollanıblar: “Turnirdə məqsəd nəticədən önəmli idmançılarımızın hazırkı durumunu öyrənmək idi. Yəni bu cür yarışlar güləşçimizin çatışmazlıqlarını görüb, səhvlərindən xəbərdar olmaq üçün vacibdir. Bu qələbənin güləşçilərimizdə hər hansısa arxayınlığa səbəb olacağını isə heç düşünmürəm. Çünki onlar Avropa və dünya çempionlarıdır. Onlar üçün bu yarışdakı nəticə böyük titul sayılmır”.

O bildirib ki, artıq komanda Paris-2024 Yay Olimpia Oyunlarına köklənib: “Macarıstandan Bakıya qayıdan kimi Gəncəyə təlim-məşq toplanışına yollanacağıq. Bundan əlavə, ölkə xaricində də bir sıra hazırlıq məşqlərimiz olacaq”.

Qeyd edək ki, yarışda yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (72 kq) və Eldəniz Əzizli (55 kq) qızıl medal qazanıblar.

Banuçiçək Hüseynli
İdman.biz