Qərib Əliyev: “Bu, Azərbaycan güləşinin inkişafına müsbət təsir göstərəcək”

Müsahibə
11 İyun 2024 16:01
297
Qərib Əliyev: “Bu, Azərbaycan güləşinin inkişafına müsbət təsir göstərəcək”

“Təqdirəlayiq bir yarış oldu”.

Bunu İdman.bizə Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev deyib.

O, AGF və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığıyla ilk dəfə keçirilən sərbəst və yunan-Roma güləşi üzrə məktəblilərin respublika çempionatını şərh edib. Əliyevin sözlərinə görə, bu cür yarışlar gənc nəslin güləşə olan marağını artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir: “İnanıram ki, bu birincilik nəticəsində xeyli sayda yeniyetmə güləşə gələcək və Azərbaycan güləşinin inkişafına müsbət təsir göstərəcək. Yarışa qatılan məktəblərin özü də şagirdlərinin burada iştirakında maraqlı idi. Hətta elə təhsil müəssisələri idman müəllimini də birinciliyə göndərmişdi. Bu da güləşdə olan rəqabəti artırır”.

Sədr bildirib ki, yarış ilk dəfə keçirildiyi üçün bəzi regionlardan az şagird gəlib: “Amma finalda saylar düzəldi. Şərqi Zəngəzur regionu xüsusi ilə çox gözəl çıxış etdi. Region rəhbəri komandasına birbaşa dəstək olurdu. Hər kəsə bu addımı özünə nümunə götürməsini tövsiyə edərdim. Çünki dəstək və təşkilatçılıq nə qədər yaxşı olarsa, bu yarış bir o qədər inkişaf edər”.

Onun sözlərinə görə, aprelin sonları – mayın əvvəllərində 14 bölgəsini əhatə edən zona yarışlarının yekununa əsasən ən güclülər çempionatda qüvvəsini sınayıb: “15 yaşadək güləşçilərin final mərhələsinə seçim xarakteri daşıyan zona yarışlarında ümumilikdə 1501 (835 sərbəst, 666 yunan-Roma) idmançı iştirak edib. İyunun 4-7-də isə FHN İdman-Sağlamlıq Klubunda çempionatın həlledici mərhələsi keçirilib. Final mərhələsində 459 (239 sərbəst, 220 yunan-Roma) güləşçi mübarizə aparıb və onlar arasında ən güclülər bəlli olub”.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: