Qurban Qurbanov: "Daha böyük arenalar üçün vaxt çatıb"

Xəbərlər
22 May 2024 21:18
189
Qurban Qurbanov: "Daha böyük arenalar üçün vaxt çatıb"

“Bundan əvvəl daha aşağı çəkidə mübarizə aparırdım”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) deyib.

O, Bakıda keçirilən U-23 Avropa çempionatınındakı çıxışını dəyərləndirib. Yarışı qızıl medalla başa vuran Qurbanov bildirib ki, yeni çəkiyə uyğunlaşmaq çətin olub: “Yeni çəkiyə uyğunlaşmaq üçün vaxt lazımdır. Bu da çətinlik yaradır. Rəqiblər fərqlidir və dəyişir. Buna görə də sən də dəyişməyə məcbursan. Çünki rəqiblərin bəziləri bu çəkidə bir neçə il mübarizə aparır. Məhz buna görə də həmin rəqibə qalib gəlmək biraz daha çətinləşir. Bütün hisslər müvəqqətidir. Sevinc hissi də müvəqqətidir”.

Qurban artıq növbəti yarışlara hazırlaşmaq lazım olduğunu bildirib: “Düşünürəm ki, daha böyük arenalar üçün vaxt çatıb. Böyüklər arasında da iştirak edib, medal qazanmaq lazımdır. Başda şəxsi məşqçim Fırad Hüseynli olmaqla bütün məşqçilərə öz minnətdarlığımı bildirirəm. Bundan sonra da onların tapşırıqlarına uyğun şəkildə hazırlaşacağıq. Finalda qeyri-adi heç nə baş vermədi. Ola bilsin ki, rəqib öz hisslərini cilovlaya bilməyib. Amma mən bunu normal qarşılayıram. Çünki bu idmandır. Bunu şişirdib ajiotaj yaratmaq mənasızdır”.

Qeyd edək ki, güləşçimiz finalda İslam Alıyevlə (AİN) 8:2 hesabı ilə qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz