Avropanın “1 nömrə”si - TƏHLİL

Təhlil
11 May 2024 14:17
681
Avropanın “1 nömrə”si - TƏHLİL

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək yunan-Roma güləşçilərinin yekün siyahısı müəyyənləşib.

İdman.biz xəbər verir ki, Fransa paytaxtına son lisenziyalar Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində sahiblərini tapıb.

Dördilliyin ən mötəbər multidman tədbirində 6 çəkidə 96 idmançı mübarizə aparacaq. Olimpiadada iştirak edəcək “klassiklər” 35 ölkəni təmsil edir. Daha iki ölkə - Rusiya və Belarus neytral statusda AİN-in tərkibində yer alıb.

Azərbaycan millisi Parisə 5 vəsiqə qazanıb. Onlardan üçü bu hüququ İstanbulda əldə edib. Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Türkiyədə uğura imza atıblar. Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) lisenziyanı daha öncə əldə ediblər.

Yığmamız bu göstəricidə Avropada hamını qabaqlayır. “Köhnə qitə”nin heç bir ölkəsi Azərbaycan kimi 5 və ya daha çox lisenziya qazanmayıb. Düzdür, Parisdə bizimlə eyni sayda – beş rusiyalı da xalçaya çıxacaq. Amma onlar öz ölkələrini təmsil edə bilmədiyindən neytral statusda mübarizə aparacaqlar.

Avropanın ən yaxşısı olan yunan-Roma millimiz dünyada 3-cü yerə şərikdir. Komandamız Kuba və Əlcəzair kimi yalnız bir çəkidə mükafatlara iddia etməyəcək.

Yalnız iki ölkənin “klassik”ləri Fransa paytaxtında tam heyətlə olacaq. Bunlar İran və Misir milliləridir.

1-2. İran, Misir – 6
3-5. Azərbaycan, Kuba, Əlcəzair - 5
6-8. Türkiyə, Qazaxıstan, Qırğızıstan - 4
9-14. ABŞ, , Çin, Özbəkistan, Serbiya, Ermənistan, Yaponiya – 3
15-24. Çili, Kolumbiya, Tunis, Ukrayna, Cənubi Koreya, Moldova, Gürcüstan, Bolqarıstan, Macarıstan, Finlandiya - 2
25-35. Çexiya, Venesuela, Ekvador, Honduras, Mərakeş, Fransa, Litva, Almaniya, KXDR, Polşa, Rumıniya – 1.
*. AİN – 8 (Rusiya – 5, Belarus – 3)

Qeyd edək ki, Olimpiadanın güləş yarışları avqustun 5-11-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: