Sərbəst güləş millimiz İstanbula yox, Parisə gedir! - TƏHLİL

Təhlil
7 Aprel 2024 21:12
1 296
Sərbəst güləş millimiz İstanbula yox, Parisə gedir! - TƏHLİL

Bakıda təşkil olunan güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi üç gün davam edən yarışda Paris-2024 Yay Olimpiya Oyunlarına 5 lisenziya qazanıb.

Bütün vəsiqələr sərbəst güləşçilərin hesabındadır. Yarışın son günündə Milli Gimnastika Arenasının xalçasına çıxan 5 pəhləvanımız məğlubedilməzlik nümayiş etdiriblər. Bütün görüşlərdə qələbələri sıralayan atletlərimiz Fransa paytaxtına bilet qazanıblar.

Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomodov (86 kq) və Giorgi Meşvildişvili (125 kq) uğura imza atıb. Onlar öncədən lisenziya qazanan Maqomedxan Maqomedova (97 kq) qoşulublar.

Beləliklə, sərbəst güləşçilərimiz Parisə tam heyətlə yollanaraq bütün çəkilərdə medallar üçün mübarizə aparacaqlar.

Düzdür, əvvəlki illərdə də bu növdə 6, hətta daha çox təmsilçimiz olub. Lakin güləşdə çəkilərin sayı daim islahatlara məruz qaldığından bu dəfə iştirakçılara daha az yer verilib.

Azərbaycan millisinin Olimpiadalardakı sərbəst güləşçi sayı:
Atlanta-1996 – 6
Sidney-2000 – 7
Afina-2004 – 4
Pekin-2008 – 7
London-2012 – 6
Rio-2016 – 6
Tokio-2020 – 5
Paris-2024 – 6

Fransa paytaxtına bütün vəsiqələri “bron” edən sərbəst güləş yığmamız üçün təsnifat turnirləri başa çatıb. Yığmamız son şans kimi dəyərləndirilən İstanbuldakı Dünya Olimpiya Təsnifat Turnirinə getməyəcək.

Onların Bakıdakı uğur estafetini Türkiyədə digər yığmalarımız qəbul etməli olacaq. Ölkəmizin paytaxtındakı yarışın ilk iki günü lisenziyasız tamamlayan yunan-Roma və qadın güləşçiləri qardaş ölkəyə birlikdə, sərbəst güləşçilər olmadan yollanacaq. Həmin yarış mayın 9-12-də təşkil olunacaq.

Qeyd edək ki, yunan-Roma güləşində də 2 lisenziyamız var. Sənan Süleymanov (77 kq) və Həsrət Cəfərov (67 kq) bu hüquqa yiyələniblər.

Vüqar Xeyrullayev
İdman.biz