Osman Nurmaqomedov: “Olimpiadada qızıl medal qazanmaq, sonra sizin önünüzə çıxmaq istəyirəm”

Müsahibə
7 Aprel 2024 20:17
634
Osman Nurmaqomedov: “Olimpiadada qızıl medal qazanmaq, sonra sizin önünüzə çıxmaq istəyirəm”

“Olimpiya lisenziyası qazandığım üçün sevinciliyəm. Azərbaycan mənim ikinci vətənimdir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin sərbəst güləşçisi Osman Nurmaqomedov deyib.

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Paris-2024-ə vəsiqə qazanan pəhləvan yarımfinal gröüşündəki həlledici qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Osman doğma divarlar arasındakı qələbəyə şərh verib: “7-8 ildir Bakıda, Azərbaycanda yaşayıram. Məni bura böyük qardaşım Şərif Şərifov gətirib. Bütün məşqçilər korpusuna və bu yarışda bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Burda, öz evimizdə qalib gəldiyimə şadam”.

Güləşçimiz yığmanın Fransa paytaxtındakı hədəfinə də toxunub: “Bu gün komanda göstərdi ki, yaxşı səviyyədədir. Artıq dörd lisenziya qazanmışıq ki, beşinci də bir görüşdən sonra olacaq. Olimpiadaya hazırlaşacağıq. Belə dəstəklə bir deyil, daha çox qızıl medal qazanacağıq”.

Osman yunan-Roma və qadın güləşi millilərimizin uğursuzluğuna üzüldüyünü gizlətməyib: “İlk iki gündə digər güləşçilərimiz üçün həyəcan keçirirdik. Yığmalar bir yerdə hazırlaşıb. Yunan-Roma güləşçiləri yaşca bizdən böyükdürlər. Onlar da dünyada ən yaxşılardandır. Təcrübələrini bizimlə bölüşürdülər, biz də onlara kömək edirdik. Təəssüf ki, belə alındı. Onlara bir az şans vermək lazımdır. Dünya Olimpiya Təsnifat Turnirində bütün lizenziyalarını qazanacaqlar”.

Pəhləvanımız Parisdə çempion olmaq üçün əsas rəqibinin adını açıqlayıb: “Əsas rəqibim Devid Teylordur. Amma hər rəqibə köklənəcəyəm. Qızıl medal qazanmaq, sonra sizin önünüzə çıxmaq istəyirəm. Istənilən rəqibi udmaq olar. Mənim komandamda olimpiya çempionları və çoxsaylı mükafatçıları var. Daim Bakıda toplanışda oluruq, hazırlıq üçün Dağıstana, Vladiqafqaza gedirik. Yaxşı sınaqçı rəqiblərim var”.

Qeyd edək ki, Paris-2024-də hər çəkidə 16 güləşçi mübarizə aparacaq.

Banuçiçək Hüseynli
İdman.biz