Özləri Bakıda, gözləri İstanbulda – TƏHLİL

Təhlil
6 Aprel 2024 11:28
234
Özləri Bakıda, gözləri İstanbulda – TƏHLİL

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, yığmamız yarışı lisenziyasız bitirib.

Doğrulmayan dörd ümid

Komandamız Milli Gimnastika Arenasında dörd idmançı ilə təmsil olunub. Onlardan biri İslam Abbasov (87 kq) artıq ilk qarşılaşmada uduzaraq 1/8 final səddini adlaya bilməyib. Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) 1/4 finala qədər irəliləsə də, bundan artığını bacarmayıb. Ən uğurlu təmsilçimiz Beka Kandelaki (130 kq) Paris-2024-ün bir addımlığında dayanıb. Ağırçəkili pəhləvan yarımfinaldakı son sınaqda uduzaraq şansını əldən verib.

Millimiz “2”də qalıb

Bakıdakı turnirdən sonra “klassiklər”imizin Paris-2024-ə qazandığı lisenziya sayı dəyişməz qalıb. Yunan-Roma güləşi yığmamız hələlik iki çəkidə Fransa paytaxtına bilet qazanıb. Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) dördilliyin ən mötəbər multiidman yarışında iştirak hüququnu öncədən əldə edib.

Gözlər İstanbulda

Millimiz Parisə yollanacaq heyətin tərkibini artırmaq şansını hələ itirməyib. “Klassiklərimiz” üçün son şans İstanbulda olacaq. Türkiyənin ən böyük şəhəri Dünya Olimpiya Təsnifat Turnirini qəbul edəcək. Yarış mayın 9-12-də keçiriləcək. Millimiz həmin turnirə də 4 güləşçi ilə yollanmalıdır. Söhbət lisenziya qazanılmayan kateqoriyalardan gedir. Olimpiadaya bütün çəkilərdə getmək imkanı üçün qardaş ölkədə uğur qazanmaq lazımdır.

Antirekord təhlükəsi

Parisdəki Yay Olimpiya Oyunları Azərbaycan millisinin müstəqil ölkə kimi qatıldığı 8-ci analoji yarış olacaq. Əvvəlki yeddi Olimpiadaya qatılan “klassiklər”imizin sayına baxsaq, indiki rəqəm antirekordun təkrarıdır. Yunan-Roma güləşi yığmamız ən pis halda 2 lisenziya qazanıb. Buna 3 dəfə, o cümlədən sonuncu – üç il əvvəl baş tutan Tokio-2020-də təsadüf olunub. Amma bir məqam da var ki, daim islahatlara məruz qalan güləşdə yarışdan-yarışa həm çəki dərəcələrinin, həm iştirakçıların sayı azalıb. Məsələn, Atlanta-1996-da yunan-Roma güləşçiləri 10 çəkidə mübarizə aparırdılar.

Həm Atlanta-1996, həm Sidney-2000, həm də Tokio-2020-də cəmi 2 üzvü xalçaya çıxan “klassik” millimizin antirekordu təkrarlamaq təhlükəsi ilə yanaşı, rekordunu da yenidən yaşaya bilər. Pekin-2008 və Rio-2016-da altı idmançı ilə təmsil olunan yığmamız həmin göstəricini təkrarlamaq üçün İstanbulda maksimum nəticəyə imza atmalıdır.

Yunan-Roma güləşçilərimiz Olimpiadalarda
Atlanta-1996 – 2
Sidney-2000 - 2
Afina-2004 - 3
Pekin-2008 - 6
London-2012 – 5
Rio-2016 – 5
Tokio-2020 – 2
Paris-2024 – 2 (son lisenziya turniri ərəfəsində)

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: