Həsən Əliyev: “Bütün çəkilərdə lisenziya qazanmaq çətin olacaq” - MÜSAHİBƏ

4 Aprel 2024 13:37
689
Həsən Əliyev: “Bütün çəkilərdə lisenziya qazanmaq çətin olacaq” - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsən Əliyevin İdman.biz saytına müsahibəsi

- Sabah Bakıda Avropa Olimpiya Təsnifat Turniri start götürəcək. Komandanın hazırlıq səviyyəsini necə dəyərləndirirsiz?

- Hər şey normaldır, qaydasındadır. Federasiya tərəfindən lazımi imkanlar yaradılıb. Yalnız idmançılarımızın yaxşı çıxış etməyi qalır.

- Bütün çəkilərə 2 güləşçi iddia edirdi. Heyətlə bağlı seçim edərkən əsas nələrə diqqət etdiz?

- Seçim həm son qazanılan nəticələrə, həm də təlim-məşq toplanışlarında göstərilən performansa əsasən edildi. Ən yaxşı kimdirsə onu seçdik ki, nəticə də yaxşı olsun.

- Təsnifat Turnirində ən optimal heyətlə çıxış etdiyimizi deyə bilərik?

- Ən optimal, ən yaxşı komandanı seçmişik. Əlimizdə olan ən yaxşı idmançılara şans vermişik. Həm Bakıdadır, həm də lisenziya yarışıdır. Test yarışı deyil ki, kimisə yoxlayaq. Olimpiadaya qədər ən vacib 2 yarışdan biridir.

- Hansı çəkilərə ümidlər daha böyükdür?

- 4 çəkimizin 4-ü də lisenziya qazana biləcək gücdədir. Bütün çəkilərdən yaxşı çıxış gözləyirik.

- Nihat Məmmədli və Beka Kandelaki son Avropa çempionatında uğurlu çıxış etdi. Onların lisenziya şansları daha çoxdur deyə bilərik?

- Nihat və Bekanın kifayət qədər güclü rəqibləri var. Demirəm zəifdirlər, amma çəkilərində də Avropada çox güclü idmançılar qalıb. Fikirləşirəm ki, bütün çəkilərdə lisenziya qazanmaq çətin olacaq.

- Komandanın qarşısına əsas tapşırıq kimi nə qoyulub?

- Federasiyanın elə bir tələbi yoxdur. Onlar da, biz də çalışırıq ki, ən yaxşını edək. 4 lisenziyanın 4-nü də qazanaq. Sırf tələb qoyulmayıb. Hər kəs öz işinin vacibliyini dərk edir. Ən yaxşısını etməyə çalışır. Biz nə edəcəyimizi yaxşı bilirik. Tələb qoyulmasa belə ən yaxşı üçün çalışacağıq.

- Avropa ölkələrinin çoxunda Paris-2024-ə lisenziya yoxdur. Bunun pəhləvanlarımız üçün əlavə çətinlik yaradacağını düşünürsüz?

- Təbii ki, çətinlik yaradacaq. Avropada lisenziya almaq çətinləşib, rəqabət daha çoxdur. Demək olar ki, bütün çəkilərdə olan ən güclü güləşçilər lisenziyasızdır. Çalışacağıq ki, yaxşı nəticə əldə edək və Olimpiya Oyunlarına hazırlaşaq.

Emin Ağa
İdman.biz