Beynəlxalq turnirdə qalib olan güləşçimiz: “Avropa çempionatından çətin keçdi”

Müsahibə
13 Mart 2024 17:09
241
Beynəlxalq turnirdə qalib olan güləşçimiz: “Avropa çempionatından çətin keçdi”

“Yarışdan əvvəl Qazaxıstanda çox güclü təlim-məşq toplanışı keçdik”.

Bunu İdman.bizə gənclərdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Ruslan Nurullayev (72 kq) deyib.

Qazaxıstanın paytaxtı Astanada ənənəvi olaraq keçirilən Jaksılık Uşkempirov turnirində ölkəmizə yeganə qızıl medalı qazandıran idmançı qələbəsini şərh edib. Analoji yarışda ardıcıl ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan 20 yaşlı Nurullayev bildirib ki, turnir Avropa çempionatından da çətin keçib: “Yarışın səviyyəsi yüksək idi. Güclü rəqiblər də gəlmişdi. İlk görüşdə rus, ardınca qazax və qırğız güləşçini məğlub edib finala yüksəldim. Həlledici görüşdə isə yerli idmançı Tair Amangeldiyə qalib gəldim. Onu ötən il də udmuşdum. Amma bu dəfə daha çətin oldu. İşimə daha məsuliyyətlə yanaşdım”.

O, mayın 20-26-da Bakıda keçiriləcək U-23 Avropa çempionatında da hədəfinin qızıl medal olduğunu deyib: “Doğma azarkeşlər önündə fəxri kürsünün ən üst pilləsinə qalxmaqdan başqa bir seçim olmamalıdır. Çalışacam ki, əlimdən gələnin ən yaxşısını edim. Qazaxıstandakı yarış da Avropa çempionatı öncəsi çox yaxşı hazırlıq oldu. Asiya ölkələri çox gözəl fənd işlədirlər. 18 gün onlarla təlim-məşq toplanışı keçmək çox yaxşı təsir elədi. Biz onlardan, onlar da bizdən yaxşı şeylər götürdü”.

Qeyd edək ki, Qazaxıstandakı yarışda İsmayıl Rzayev (82 kq) gümüş, Hüseyn Savadovla (55 kq) Məhəmməd Şükürzadə (63 kq) isə bürünc medal qazanıb.

Emin Ağa
İdman.biz

Məqalədə: