“Neftçi” İdman Klubu 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərbəst güləş birinciliyi keçirib.
İdman.Biz xəbər verir ki, Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunan yarışda 2011-2013-cü illər təvəllüdlü 60-dan çox yeniyetmə güləşçi iştirak edib. İdmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar.
Turnirin açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
“Neftçi” İdman Klubunun icraçı direktoru Fərəc Əliyev çıxışında Zəfər Gününün tarixi əhəmiyyətindən və gənc idmançıların vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyindən danışıb. O, turnirin ənənəvi xarakter daşıyacağını və bundan sonra hər il keçiriləcəyini açıqlayıb.
Klubun sərbəst güləş üzrə baş məşqçisi Əsgərxan Novruzov iştirakçıları yarışın reqlamenti və qaydaları ilə tanış edib.
Birinciliyin yekununda bütün çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Mükafatçılara diplom, medal və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Neftçi” İdman Klubu bundan əvvəl 27 Sentyabr - Anım Gününə həsr olunmuş cüdo turniri də təşkil edib.
