Azərbaycanlı qadın hakim: “O, güləşəndə özümdə olmuram, elə bilirəm dünya dayanır” - MÜSAHİBƏ

Müsahibə
31 Yanvar 2024 14:02
1 388
Azərbaycanlı qadın hakim: “O, güləşəndə özümdə olmuram, elə bilirəm dünya dayanır” - MÜSAHİBƏ

Azərbaycanın güləş üzrə ilk beynəlxalq dərəcəli hakimi Sevinc Yusibovanın İdman.biz saytına müsahibəsi

- Bu peşəyə maraq sizdə necə yaranıb?

- Bu işə birinci katib kimi başlamışam. Xalçadan kənarda baxanda hakimlərin işi məni cəlb edirdi. Sonradan bu, referiliyə gəlməyimə təkan verdi.

- Qadın hakim olmağın çətinlikləri nədir?

- Əsas çətinliyi odur ki, çoxları deyir ki, qadındır da bunun hakimliyi nə olacaq? Amma arada bəzi görüşləri də deyirlər gəl sən idarə et.

- Bəs nə vaxtsa bir daha referilik etməyəcəm demisiz?

- Yox, yox olmayıb (gülür). Heç olmasın da. Əksinə, üzərimdə daim işləmişəm. Verdiyim qərarları izləmişəm, düşünmüşəm və onu düzəltmək üçün çalışmışam.

- Yəqin ki, belə sevgi də ilk beynəlxalq dərəcəli azərbaycanlı qadın hakim olmağınızla nəticələnib...

- Bəli.

- Dərəcə aldığınız anı necə xatırlayırsız?

- Sevindim. Bunu ABŞ-da eşitdim. Orda nəticələri yoxladım və gördüm ki, beynəlxalq dərəcəli hakim olmuşam. Adımı tarixə yazdığım üçün sevindim. Yunanıstanın Lutraki şəhərində veteranların dünya çempionatında özümü yaxşı tərəfdən göstərdim. Daha sonra həm xalça üzərində, həm də ingilis dilində imtahandan keçdim.

- Onda güləşi sizin üçün nə adlandıra bilərik?

- Həyat.

- Oğlunuz da güləşçidir. Onun görüşünü idarə edərkən hansı hisslər keçirirsiz?

- Həm hakim, həm ana, həm də məşqçi oluram. Çətindir, özü də çox çətindir.

- Bəs həmin anlarda kənardan anasının hesabına qələbə qazandı və ya oğlunu irəli apardı deyənlər olmur?

- Olur. Amma oğlum güləşəndə özümdə olmuram. Elə bilirəm dünya dayanır. Kənarda həyəcanlanıram, baxıram və bilirəm ki, həmkarlarım görüşü layiqincə idarə edəcəklər.

- Hakimlikdə ən böyük hədəfiniz nədir?

- “Qızıl fit” almaq istəyirəm. İlk gündən hədəfim budur.

- Yay Olimpiya Oyunlarını idarə etmək arzunuz yoxdur?

- Bəli, Olimpiada da xəyalımdandır. İnanıram ki, bunlar gerçək olacaq.

- Sizin kimi hakim olmaq istəyən, amma bundan çəkinən xanımlara nə deyə bilərsiz?

- Onları dəvət edirəm gəlsinlər, ürəkli olsunlar. Qorxulu heç nə yoxdur. Burda hakimlərlə bir ailəyik. Kimsə nəyisə bilmirsə, bu işi təcrübə ilə öyrənəcək.

Emin Ağa
İdman.biz