Eldəniz Əzizli Avropa çempionatında iştirak etməyəcək - SƏBƏB

Xəbərlər
28 Yanvar 2024 12:39
703
Eldəniz Əzizli Avropa çempionatında iştirak etməyəcək - SƏBƏB

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, komandanın kapitanı Eldəniz Əzizlinin xroniki zədəsi davam edir.

Reytinq turnirində iştirak etməyən 3 qat dünya və 2 qat Avropa çempionu Poreçdə keçirilən təlim-məşq toplanışı zamanı ağrıları artdığı üçün vətənə erkən qayıdıb. Ötən il Avropa çempionatından öncə döş sümüyündən aldığı zədə özünü göstərdiyi üçün intensiv məşqlərdən kənarda qalıb. Həkimlərin tövsiyəsinə əsasən, titullu güləşçimiz bir neçə ay bərpa prosesi keçməli və yüngül məşqlərlə kifayətlənməlidir. Bu isə o deməkdir ki, son 6 qitə birinciliyində mübarizə aparmış Eldəniz fevralın 12-18-də keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək.

Digər zədəli güləşçilərimizin vəziyyəti isə normaldır. Reytinq turnirində zədələnən Nihat Məmmədli və Murad Məmmədovun durumu müsbətə doğru gedir. Zədələndikləri üçün Poreç toplanışında iştirak edə bilməyən güləşçilərimiz böyük ehtimalla, Avropa çempionatına qatıla biləcək. Eyni sözləri xəstələndiyi üçün Xorvatiyaya yollanmayan Rafiq Hüseynov haqqında söyləmək olar.

Qeyd edək ki, millimiz Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qitə birinciliyinə son hazırlıq prosesini Azərbaycan Güləş Federasiyanın təlim-məşq bazasında keçəcək.

İdman.biz