Azərbaycanın çimərlik güləşi üzrə milli komandası altı ölkənin yığması ilə birgə təlim-məşq toplanışı keçir.
İdman.Biz xəbər verir ki, U-17 dünya çempionatı və Dünya Seriyasının altıncı mərhələsinə hazırlıq xarakteri daşıyan son toplanış Avropa Oyunları Parkında və Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında təşkil olunur.
Milli komandanın baş məşqçisi Oyan Nəzəriani hazırlığın son mərhələdə olduğunu bildirib:
“Hazırda ABŞ, Ukrayna, Serbiya, Xorvatiya, Əlcəzair və Türkiyə millisinin üzvləri ilə birgə təlim-məşq toplanışı keçiririk. Toplanışın çox faydalı keçdiyini düşünürəm. Bu gün son yoxlama görüşlərimizi keçirdik. Avqustun 27-də yarışın startına hazır olacağıq”.
Milli komandanın məşqçisi İbrahim Yusubov da hazırlığın yüksək səviyyədə keçdiyini qeyd edib:
“Komanda Bakıda keçiriləcək hər iki məsul yarışa böyük səylə hazırlaşır. Toplanışa xarici komandaların qatılması hazırlığın keyfiyyətini artırır. Əlimizdən gələni edəcəyik ki, həm U-17 dünya çempionatında, həm də Dünya Seriyasının IV mərhələsində uğurlu nəticəyə imza ataq”.
Milli komandanın üzvü Ülviyyə Musayeva əsas məqsədinin titulunu qorumaq olduğunu deyib:
“Bu dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı Bakıda keçirilir. Hazırda altı komanda ilə birgə hazırlaşırıq. Məqsədim doğma məkanda uğurlu çıxış etmək və titulumu qoruyaraq ikiqat dünya çempionu olmaqdır. Ondan sonra isə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da uğur qazanmağa çalışacağam”.
Millinin digər üzvü Əşrəf Aşırov isə Dünya Seriyasının altıncı mərhələsində azarkeşləri sevindirmək istədiklərini bildirib:
“Bakıda keçiriləcək Dünya Seriyasının altıncı mərhələsinə intensiv hazırlaşırıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Azarkeşləri qələbələrlə sevindirmək üçün var gücümüzü ortaya qoyacağıq”.
Qeyd edək ki, avqustun 27-də U17 dünya çempionatı, növbəti iki gündə isə Dünya Seriyasının altıncı mərhələsi keçiriləcək. Hər iki yarış “Sea Breeze” istirahət mərkəzində təşkil olunacaq.
