Güləşçimiz Ayxan Cavadov artıq üçüncü ildir ki, yaş qrupları üzrə dünya çempionatlarında məğlubedilməzliyini qoruyur.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçisi 2024-cü ildə U-17, 2025 və 2026-cı illərdə isə U-20 dünya çempionatlarının qalibi olub.

Cavadovun seriyası 2024-cü ildə İordaniyada yeniyetmələr arasında keçirilən U-17 dünya çempionatında başlayıb. O, finala gedən yolda Vadim Matrosu 4:3, Dosbol Şamili 2:2 hesabı ilə, yarımfinalda isə Jordyn Raneyi 2:1 üstələyib. Həlledici görüşdə gürcüstanlı Vaxtanq Loluanı 4:1 hesabı ilə məğlub edərək ilk dünya çempionluğunu qazanıb.

Bir il sonra Cavadov artıq U-20 – gənclər səviyyəsində eyni uğuru təkrarlayıb. 2025-ci ildə Bolqarıstanda keçirilən mundialda o, finala qədər bütün rəqiblərini böyükhesablı qələbələrlə keçib, həlledici görüşdə isə Yurik Mxitaryanı 12:5 hesabı ilə məğlub edib. Azərbaycan güləşçisi bununla yaş kateqoriyası dəyişsə də, dünya çempionu titulunu qorumağı bacarıb.

2026-cı ildə Slovakiyada keçirilən U-20 dünya çempionatında da ssenari dəyişməyib. Cavadov 1/8 finalda Maqomed Varayevi 9:0, 1/4 finalda Pedro Enrike de Souza Rodrigesi 6:2, yarımfinalda isə Amirali Tayeb Heydarini 4:3 hesabı ilə məğlub edərək yenidən finala yüksəlib.
Finalda onun rəqibi özbəkistanlı Dostonbek Oripov olub. İlk hissədə icra etdiyi 4 xallıq fənd görüşün taleyini həll edib. 4:1 hesablı qələbə qazanan Cavadov ardıcıl ikinci dəfə U-20, ümumilikdə isə üçüncü dəfə dünya çempionu olub.
Beləliklə, Ayxan Cavadov üç il ərzində üç dünya çempionatında iştirak edib və hər üçünü qızıl medalla başa vurub:
2024 - U-17 dünya çempionu, finalda Vaxtanq Lolua - 4:1
2025 - U-20 dünya çempionu, finalda Yurik Mxitaryan - 12:5
2026 - U-20 dünya çempionu, finalda Dostonbek Oripov - 4:1
Bu seriyanın diqqətçəkən tərəfi yalnız üç qızıl medal deyil. Cavadov U-17-dən U-20-yə keçid etdikdən sonra da üstünlüyünü qoruyub və daha yüksək yaş kateqoriyasında ardıcıl iki dəfə dünya çempionu olmağı bacarıb.
