Baş katib: “Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu” - MÜSAHİBƏ

6 Avqust 2026 17:18
74
Baş katib: “Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu” - MÜSAHİBƏ

“Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatını iki aspektdən qiymətləndirmək lazımdır. Təşkilatçılıq baxımından yarış Azərbaycanın növbəti uğur hekayələrindən biri oldu. Bir həftə ərzində dünyanın 60 ölkəsindən 1100-dən çox nümayəndə ölkəmizdə oldu”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev report.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Bakıda keçirilən dünya çempionatında qeydə alınan nəticələri necə qiymətləndirərdiniz?

- Dünya çempionatını iki aspektdən qiymətləndirmək lazımdır. Yarış təşkilatçılıq baxımından yüksək səviyyədə keçirildi. Dünya Güləş Birliyi (UWW), milli federasiyalar və iştirakçılar tərəfindən çox müsbət rəylər aldıq. Xüsusilə qeyd etmək istərdim ki, müxtəlif ölkələrin nümayəndələri, o cümlədən Ermənistan nümayəndə heyəti də təşkilatçılıq, təhlükəsizlik, qonaqpərvərlik və yarışın ədalətli keçirilməsi ilə bağlı müsbət fikirlər səsləndirdilər. Bu, Azərbaycan üçün çox önəmli göstəricidir və ölkəmizin beynəlxalq idman tədbirlərini yüksək standartlarla təşkil etdiyini bir daha nümayiş etdirdi. Təbii ki, belə bir mötəbər yarışı müxtəlif dövlət orqanlarının və idman qurumlarının dəstəyi olmadan yüksək səviyyədə keçirmək mümkün deyil. Fürsətdən istifadə edib Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, İqtisadiyyat Nazirliyinə, Milli Gimnastika Arenasına və təşkilati məsələlərdə öz dəstəyini əsirgəməyən digər qurumlara Azərbaycan Güləş Federasiyası adından təşəkkürümüzü bildiririk.

Dünya çempionatının ən əlamətdar hadisələrindən biri də UWW-nin Prezidenti Nenad Laloviçin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi oldu. Bu qəbul ölkəmizdə idmana, xüsusilə də güləşə göstərilən yüksək dövlət qayğısının və diqqətinin bariz nümunəsidir. Bu görüş Azərbaycan ilə Dünya Güləş Birliyi arasında mövcud olan qarşılıqlı etimadın və səmərəli əməkdaşlığın göstəricisi olmaqla yanaşı, ölkəmizin dünya güləşində etibarlı tərəfdaş və nüfuzlu təşkilatçı kimi mövqeyini bir daha təsdiqlədi.

İdman nəticələrinə gəldikdə isə, əlbəttə ki, yeniyetmə güləşçilərimizdən daha yüksək nəticələr gözləyirdik. Etiraf edək ki, tam istədiyimiz nəticəni əldə edə bilmədik. İndi əsas vəzifəmiz hər bir görüşü detallı şəkildə təhlil etmək, səhvləri müəyyənləşdirmək və onların üzərində sistemli işləməkdir. Biz əvvəldən də vurğulayırdıq ki, U-17 yaş kateqoriyasında əsas məqsədimiz nəyin bahasına olur-olsun, medal qazanmaq deyil. Əsas məqsədimiz gələcəkdə böyüklər üzrə milli komandanın əsas üzvlərinə çevriləcək güləşçilər yetişdirməkdir. Bu baxımdan mundial bizim üçün çox dəyərli təcrübə və obyektiv qiymətləndirmə imkanı yaratdı. Güləşçilərimizin bu yarışdakı çıxışı bütün aspektlərdən təhlil ediləcək və ona uyğun müvafiq addımlar atılacaq.

Hazırlıq prosesi federasiya tərəfindən planlaşdırıldığı kimi həyata keçirilmişdi. Təlim-məşq toplanışları, qidalanma proqramı və digər təminat məsələləri tam şəkildə icra olunmuşdu. İndi isə məqsədimiz nəticələrdən düzgün dərs çıxarmaq, müasir dünya güləşinin tələblərinə uyğun dəyişikliklər etmək və xüsusilə sərbəst güləş üzrə hazırlıq modelimizi daha da inkişaf etdirməkdir. Bu çempionat bizə göstərdi ki, uğurlu ənənələrimizi qorumaqla yanaşı, müasir dünya güləşinin inkişaf tempinə uyğun yanaşmalarımızı da daim yeniləməliyik. Məhz bu istiqamətdə sistemli iş aparacağıq.

- Yunan-Roma güləşində kifayət qədər medal olsa da, sərbəst güləşdə cəmi 1, qadınlar arasında isə ümumiyyətlə mükafat olmadı. Səbəbini necə izah etmək olar?

- Hər üç növün inkişaf mərhələsi və mövcud vəziyyəti fərqlidir. Yunan-Roma güləşi uzun illərdir ki, Azərbaycanda sabit nəticələr göstərən məktəbə malikdir və bu ənənə davam edir. Sərbəst güləş və qadın güləşi üzrə isə dünya güləşinin inkişaf tempi çox sürətlənib. Bu çempionat göstərdi ki, xüsusilə sərbəst güləşdə hazırlıq metodikalarının müasir tendensiyalara uyğunlaşdırılmasına ehtiyac var. Qadın güləşi üzrə də sistemli inkişaf istiqamətində işlər davam edir, lakin bu sahədə rəqabət ildən-ilə daha da güclənir. Biz bu nəticələri inkişaf üçün aydın mesaj kimi qəbul edirik və artıq növbəti mərhələ üçün hazırlıq planı üzərində işləyirik.

- Ümumilikdə 4 finalçımız olsa da, qızıl medal qazana bilməməyimizi nə ilə əlaqələndirərdiniz?

- Dörd finalçının olması onu göstərir ki, idmançılarımızın potensialı və hazırlıq səviyyəsi yüksəkdir. Lakin final görüşləri artıq fərqli səviyyədir və burada ən xırda detal belə nəticəyə təsir edir. Hesab edirik ki, həlledici görüşlərdə taktiki yanaşma, psixoloji dayanıqlılıq və görüşün son hissəsinin idarə olunması daha böyük rol oynadı. Məhz bu istiqamətlər gələcək hazırlıq prosesində xüsusi diqqət mərkəzində olacaq.

- Mundialda iştirak edən digər ölkələr təşkilatçılıqdan razı qaldıqlarını bildirdilər. Yaxın gələcəkdə böyüklər arasında dünya çempionatının da Azərbaycanda keçirilməsi müzakirə mövzusu ola bilər?

- Bu cür müsbət rəylər bizim üçün çox dəyərlidir. UWW və iştirakçı ölkələrin nümayəndələri tərəfindən təşkilatçılıq yüksək qiymətləndirildi və bu, Azərbaycanın idman ölkəsi kimi nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan son illərdə dəfələrlə sübut edib ki, ən nüfuzlu beynəlxalq idman yarışlarını ən yüksək səviyyədə təşkil etmək imkanına malikdir. Böyüklər arasında dünya çempionatına ev sahibliyi məsələsi ilk növbədə UWW-nin qərarından asılıdır. Gələcəkdə belə imkan yaranarsa, Azərbaycan Güləş Federasiyası və ölkəmiz bu cür mötəbər yarışa ev sahibliyi etməyə həm təşkilati, həm də infrastruktur baxımından tam hazırdır. Bu, əlbəttə ki, bizim üçün maraqlı perspektivlərdən biridir.

İdman.Biz