Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə iki qızıl və bir gümüş medal qazanan idmançılarımız Vətənə qayıdıblar.
İdman.Biz xəbər verir ki, qızıl medalçılar Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq), gümüş mükafatçı Nihad Süleymanlı (80 kq), həmçinin Oyunları beşinci pillədə başa vuran Günel Kərimli (55 kq) və çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani Bakıya dönüblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının əməkdaşları, məşqçilər, media və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Dakar-2026-da Azərbaycan komandasının aktivində hazırda üç qızıl və bir gümüş medal var. Cüdoçu İbrahim Talıbov (55 kq) da qızıl medal qazanıb. Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında ölkəmiz səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Yarış noyabrın 13-dək davam edəcək.
