Dakar-2026 Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə çempion olan Tunar Quliyev və Elgün Kərimli qələbə təəssüratlarını bölüşüblər.
İdman.Biz xəbər verir ki, noyabrın səkkizində qızıl medal qazanan Tunar Quliyev əvvəlki yarışlardakı məğlubiyyətlərə baxmayaraq, mübarizədən vaz keçmədiyini bildirib:
“Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir. Dörd yarış dalbadal uduzsam da, təslim olmadım və bu gün Yeniyetmələrin Olimpiya çempionu oldum. Bu uğurda böyük əməyi olan yığma komandanın məşqçilərinə, eləcə də şəxsi məşqçimə, anama və atama dərin təşəkkürümü bildirirəm. Biz bu çətin günləri birgə keçdik və nəhayət, böyük qələbəni qazandıq”.
Zəfər Günündə çempionluq sevinci yaşayan digər təmsilçimiz Elgün Kərimli isə uğurunu şəhidlərimizə və qazilərimizə həsr edib:
“8 Noyabr Zəfər Günündə Yeniyetmələrin Olimpiya çempionu oldum. Bu qələbəmi şəhidlərimizə, qazilərimizə və bizə bu Zəfər gününü yaşadan hər bir kəsə həsr edirəm”.
Kərimli yüksək nəticəsində böyük əməyi olan məşqçilər heyətinə də təşəkkürünü bildirib. O, qarşıdakı turnirlərdə də uğurlarının davam edəcəyinə inandığını vurğulayıb.
