Əliabbas Rzazadə: “Çəkimdə çıxış etsəydim, qızıl medal qazanardım” - MÜSAHİBƏ

Müsahibə
11 Yanvar 2024 10:14
582
Əliabbas Rzazadə: “Çəkimdə çıxış etsəydim, qızıl medal qazanardım” - MÜSAHİBƏ

Azərbaycan millisinin sərbəst güləşçisi Əliabbas Rzazadənin (61 kq) İdman.biz saytına müsahibəsi

- İlin Xorvatiyada keçirilən ilk yarışında bürünc medal qazandın. Reytinq turnirində bu nəticə səni qane etdimi?

- Bu turnirdə 1 çəki yuxarı - 61 kq-da mübarizə apardım. Görüşlərim gərgin keçsə də, yekunda fəxri kürsüyə yüksəldim. Düzdür, qızıl medal olmalıydı. Məndən gözləntilər böyük idi. Lakin ani bir səhv məni çempionluqdan etdi.

- Çəkini dəyişməyinin səbəbi nə idi?

- Bu məşqçilərin istəyi idi. Düşünürəm ki, yaxşılığımı düşündükləri üçün bu qərarı verdilər. Hər çəki salanda gücüm itirdi. Qarşıda Avropa çempionatı və Bakıda keçiriləcək Olimpiya Təsnifat Turniri var. Çox çəki salmamaq üçün bu addım atılıb.

- “Zaqreb Open”də 57 kq-da çıxış etsəydin rahatlıqla qalib ola bilərdin?

- Burada medal qazanan idmançıların hamısını demək olar ki, keçən il məğlub etmişdim. 1 il öncə 3-cü olan bu də çempion oldu. Əlbəttə, qızıl medal qazanardım. Yuxarı çəkidə də medal əldə etməyi bacarmışamsa, 57 kq-da yenə fəxri kürsünün 1-ci pilləsində yer alardım.

- Ən çətin döyüşün kimlə oldu?

- Rəqiblərim çəkidə məndən ağır idilər. Əfsuslar olsun ki, yarımfinalda Monqolustanı təmsil edən Bekbayar Erdenebata uduzdum. Məğlub olacağımı gözləmirdim. Qələbə qazana bilərdim. Ani bir səhv görüşün taleyini həll etdi. Ən çətin döyüşüm isə ABŞ idmançısı Maykl Conathona qarşı oldu. Uduzurdum, amma son saniyələrdə qələbə qazanmağı bacardım.

- Monqolustanlı güləşçi ilə görüşdə səhvini etiraf etdin. Ola bilərmi ki, məğlubiyyətdə onu qiymətləndirməməyin də rol oynadı?

- Xeyr. Təcrübəli idmançı idi, yaşı da çoxdur. Dəfələrlə Olimpiya Oyunlarının iştirakçısı olub. Birinci hissədə onunla istədiyim kimi güləşdim. İkinci hissəyə də yaxşı başlamışdım. Demək olar ki, artıq yorulmuşdu. Tələskənlik özü ilə ani səhv gətirdi. O da təcrübəsindən istifadə edib, mənə qalib gəldi və yekunda da qızıl medal qazandı.

- Fevralda Budapeştdə Avropa çempionatı keçiriləcək. Bu yarışda əsas hədəfin nə olacaq?

- Avropa çempionatında çox güman ki, 57 kq-da güləşəcəm. Düşünürəm ki, yenə birinci və qitənin ən güclü güləşçisi olacam. İkiqat Avropa çempionu kimi tarixə düşəcəm.

Emin Ağa
İdman.biz