Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Səbuhi Əmiraslanov qarşısına növbəti yarışlarda çempionluq məqsədi qoyacaq.
O, finala qədər keçdiyi yolu və hazırlıq prosesini dəyərləndirib.
“1/8 finaldan başladığım yolda görüşlərim elə də asan keçmədi. Buna baxmayaraq, finala qədər addımlaya bildim. Bizim üçün hər cür şərait yaradan Azərbaycan Güləş Federasiyasına və müəllimlərimizə təşəkkür edirəm. Asiyada keçdiyimiz səmərəli təlim-məşq toplanışının sayəsində finala qədər yüksəlməyi bacardım. Finalda isə, mənə elə gəlir ki, bir az da artırmalıydım. Məşqləri gücləndirməli və qarşıma mütləq çempionluq məqsədi qoymalıyam”, - deyə o, report.az-a açıqlamasında bildirib.
S.Əmiraslanov həlledici qarşılaşmadakı rəqibi və məğlubiyyətin səbəbi barədə fikirlərini bölüşüb:
“Ən çətin görüşüm elə finalda oldu. Əslində, rusiyalı rəqiblə əvvəllər təlim-məşq toplanışları zamanı qarşılaşmışdım və o qədər də çətinlik çəkməmişdim. Sadəcə, bu dəfə nədənsə köklənə bilmədim. Növbəti dəfə daha yaxşı çıxış edəcəyimə inanıram”.
O, yığmanın turnirdəki şanslarını yüksək qiymətləndirib:
“Məncə, bütün idmançılarımız medal qazanmaq gücündədir. Potensialımız buna imkan verir. İnanıram ki, hər şeyi döşək üzərində göstərəcəyik”.
