19 yaşlı Azərbaycan çempionu: “Haqsızlıq etməmişəm, danışdıq və barışdıq” - FOTO

Müsahibə
22 Dekabr 2023 11:16
2 069
19 yaşlı Azərbaycan çempionu: “Haqsızlıq etməmişəm, danışdıq və barışdıq” - FOTO

“Çox sevincliyəm. İlk dəfə böyüklər arasında Azərbaycan çempionu oldum”.

Bunu İdman.bizə yunan-Roma güləş üzrə Azərbaycan çempionatının qalibi Ruslan Nurullayev (72 kq) deyib.

Azərbaycan çempionatında 2 dəfə finalda uduzan 19 yaşlı pəhləvan bildirib ki, bu qələbəsini heç unutmayacaq: “Bəzi zədələrim olsa da, yarışa yaxşı hazırlaşmışdım. U-23-lər dünya çempionatından sonra bir müddət məşq edə bilmədim. Son 1 ayda hazırlığımın bəhrəsini gördüm. Bu dəfə tilsimi qırdım. Bundan sonra da ardının gələcəyinə inanıram”.

Urfan Həsənli ilə final görüşünün son saniyələrində rəqib Nurullayevin qaydanı pozduğundan şikayətlənib. Hakimlər təkrara baxdıqdan sonra isə etiraz qəbul olunmayıb. Hətta gümüş medalçı mükafatlandırma mərasimindən sonra birgə şəkil çəkdirməkdən də imtina edib. 20 yaşlı güləşçilər arasında son Avropa çempionunu bu hadisəyə də aydınlıq gətirib. Onun sözlərinə görə, rəqibi ilə arasında inciklik yoxdur: “Xalçadan kənarda dostuq, qardaşıq. İdmanda hər cür vəziyyət baş verə bilər. Haqsızlıq etdiyimi düşünmürəm. Hakimlər epizoda baxdıqdan sonra qaydanı pozmadığım da təsdiq olundu. Kənarda Urfanla danışdıq və barışdıq”.

Qeyd edək ki, 72 kq çəki dərəcəsində bürünc medalları Namaz Rüstəmov və Rəvan Nuriyev qazanıb.

Emin Ağa
İdman.biz