Əhmədov qardaşları finalda danışılmış oyunla bağlı şayiələri təkzib etdilər - VİDEO

Xəbərlər
11 Yanvar 2026 18:15
75
Əhmədov qardaşları finalda danışılmış oyunla bağlı şayiələri təkzib etdilər - VİDEO

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında nadir və parlaq bir epizod baş verib. 97 kq çəki dərəcəsinin finalında doğma qardaşlar Murad və Məhəmməd Əhmədovlar bir-birinə qarşı olublar.

İdman.Biz-in məlumatına görə, qarşılaşmadan sonra hər iki güləşçi Baku TV-nin efirində öz emosiyalarını bölüşüblər.

Murad Əhmədov qardaşının ona bilərəkdən uduzması ilə bağlı şayiələri təkzib edib.

“Çoxları deyir ki, Məhəmməd mənə qəsdən uduzub, amma bu doğru deyil. Biz normal güləşdik. Birinci hissədə o öndə idi, ikinci hissədə isə mən çevirmə fəndi ilə qalib gəldim. O, çox yaxşı hazırlaşmışdı və mən inanırdım ki, finala qədər gələcək. Evdə hətta düşünürdüm ki, finalda qardaşıma necə qalib gələcəyəm. Amma orada qardaşlıq keçmir”, - deyə Murad bildirib.

Öz növbəsində Məhəmməd Əhmədov vurğulayıb ki, xalça üzərində qohumluğun əhəmiyyəti yoxdur.

“Qardaşımın nəticələri məndən yüksəkdir. Çoxları deyirdi ki, böyük qardaş olaraq o qalib gəlməlidir. Amma xalçaya çıxanda bunun artıq heç bir əhəmiyyəti yoxdur - orada sadəcə güləşmək lazımdır”, - deyə o qeyd edib.

İdman.Biz