İslamiada: Jalə Əliyeva qızıl medal qazandı - YENİLƏNİB + FOTO

19 Noyabr 2025 20:32
338
İslamiada: Jalə Əliyeva qızıl medal qazandı - YENİLƏNİB + FOTO

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

İdman.Biz bildirir ki, finalda Əliyeva türkiyəli Elvira Süleymana 6:2 hesabı ilə qalib gəlib.

Bununla da Jalə Əliyeva öz titulunu qoruyub. O, V İslam Oyunlarının da qalibi olmuşdu.

20:06

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.

İdman.Biz-in məlumatına görə, güləşçimiz finalda İran təmsilçisi Mohammadhadi Saraviyə 1:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (50 kq) isə İslamiadanın bürünc medalını qazanıb.

İdmançımız üçüncü yer uğrunda görüşdə Əlcəzair təmsilçisi Çeyma Şebilanı 5:0 hesabı ilə məğlub edib.

13:55

Azərbaycanın daha bir güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının final mərhələsinə yüksəlib.

İdman.Biz xəbər verir ki, Jalə Əliyeva (57 kq) qrupdakı ilk görüşdə Çad Jeljeli (Tunis) üzərində 9:2 hesabı ilə qələbə qazanıb.

Daha sonra Elvira Kamaloğlu (Türkiyə) üzərində 19:10 hesabı ilə qələbə qazanan idmançı, Banqladeşdən olan rəqibini də 8:0 hesabı ilə məğlub edib.

J.Əliyeva yarımfinalda Sezim Jumanazarovanı (Qırğızıstan) 4:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

13:25

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının final mərhələsinə yüksəlib.

İdman.Biz xəbər verir ki, ilk görüşündə Məhəmməd Qabrı (Misir) 8:0 hesabı ilə məğlub edən pəhləvan yarımfinalda Beytullah Kayısdağdan (Türkiyə) üstün olub - 5:1.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

İdman.Biz