Yunan-Roma güləşi üzrə baş məşqçi Aleksandr Tarakanov milli komandanın VI İslam Həmrəyliyi Oyunlarında İslamiadaya hazırlığını qiymətləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
O bildirib ki, dünya çempionatından sonra idmançılara istirahət verilib və bu müddət ərzində zədəsi olanlar bərpa prosesini başa çatdırıblar.
“Daha sonra ümumi fiziki hazırlıq prosesi həyata keçirildi. Noyabrın 1-dən isə iki həftəlik taktiki-texniki məşqlərə başladıq. Milli üzvləri ilboyu təlim-məşq proseslərində iştirak etdikləri üçün hazırlıq səviyyəsi ilə bağlı problem yoxdur. Düzdür, ilin sonu olduğu üçün müəyyən yorğunluq var. Ona görə artıq yüngül və qısamüddətli məşqlərə keçmişik ki, idmançılar yüklənməsin”, - Tarakanov bildirib.
Baş məşqçi əlavə edib ki, yarışın əsas rəqibi İran komandası olacaq: “Onlar əsas heyətlə iştirak edəcəklər. Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkiyə güləşçilərini də ciddi rəqib hesab edirik. Fikrimcə, İslamiadada bizi yüksək səviyyədə rəqabət gözləyir”.
Tarakanov rəqiblərin analizinə də toxunub: “Bütün rəqibləri keçirdikləri görüşlərin görüntülərinə baxaraq təhlil edirik və səhvlərin üzərində işləyirik. Əlbəttə, rəqiblər də bizi izləyir və bizə qarşı xüsusi köklənirlər. Ona görə maksimum hazırlıqlı olmalıyıq”.
Qeyd edək ki, İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. Azərbaycanı İslam Həmrəyliyi Oyunlarında təmsil edənlərdən biri də I dərəcəli hakim Bəşir İsazadə olacaq.
