İlk dəfə dünya çempionu olan Azərbaycan güləşçisi: “Avropa çempionatında uduzduğum rusiyalı idmançıdan revanş aldım”

Xəbərlər
23 Oktyabr 2025 15:52
53
İlk dəfə dünya çempionu olan Azərbaycan güləşçisi: “Avropa çempionatında uduzduğum rusiyalı idmançıdan revanş aldım”

“Mundiala yüksək səviyyədə hazırlıq keçmişdik. Bu da nəticələrdə özünü göstərdi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev deyib.

55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 23 yaşadək güləşçilərdən ibarət dünya çempionatında ilk dəfə iştirak etdiyini bildirib: “Şükürlər olsun ki, çempionluq nəsib oldu. Bu, karyeramda ilkdir. Bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Bundan öncə U-23 Avropa çempionatında bürünc mükafat qazanmışdım. Ani səhv ucbatından üçüncü olmuşdum. Lakin mundiala daha ciddi hazırlaşdıq. Məşqlərimiz yüksək səviyyədə keçdi”.

O, güclü rəqiblərlə qarşılaşdığını söyləyib: “Məlum məsələdir ki, dünya çempionatında zəif rəqib olmur. Mən də güclü idmançılarla güləşdim. Finalda rusiyalı Alibek Amirovla qarşılaşdım. Həmin güləşçiyə Avropa çempionatının yarımfinalında məğlub olmuşdum. Mənim üçün yaxşı revanş oldu. Ümid edirəm ki, gələcəkdə böyüklər arasında dünya və Avropa birincisi olaram”.

Qeyd edək ki, U-23 dünya çempionatında E. Əliyevlə yanaşı, Ziya Babaşov (63 kiloqram) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hazırda aktivində iki qızıl medal olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi bu nəticə ilə yeni rekorda imza atıb.

İdman.Biz