Bakı bulvarında “İsveçrə günləri” tədbiri keçirilib.
İdman.Biz xəbər verir ki, İsveçrənin Azərbaycandakı səfirliyinin Azərbaycan Güləş Federasiyası (AGF) ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi tədbirdə bu ölkənin ənənəvi “Şvingen” güləş növü ilə məşğul olan Qiyan Odermatt, Karim Leuppi, Andrin Poltera və Daniel Böş milli güləşimizin pəhləvanlarıyla qurşaq tutublar.
Bildirilib ki, təcrübə mübadiləsi çərçivəsində baş tutan musiqili və əyləncə dolu mərasim izləyicilərin böyük marağına səbəb olub. İsveçrənin ölkəmizdəki səfiri Tomas Ştəli və AGF-nin baş katibi Pərvin Piriyev, eləcə də federasiyanın digər rəsmiləri çıxış edərək bu aksiyanın hər iki ölkənin idmançılarının texnika, ənənə və dəyərlərini bölüşməsinə, beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsinə və güləşin universal dili vasitəsilə qarşılıqlı anlaşmanın təşviq edilməsinə böyük töhfə verdiyini bildiriblər. Belə təşəbbüslər güləşi insanlara daha da yaxınlaşdırır, tanınmış idmançılarımızla yerli insanlar arasında səmimi münasibət yaradır və gəncləri idmana təşviq edir. Gələcəkdə iki ölkənin komandalarının birgə təlim-məşq toplanışlarının təşkil edilməsi və bu idman növündə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Şvingen” yonqar (taxta kəpəyi) üzərində keçirilən xalq güləşi növüdür və İsveçrənin ən məşhur və rəmzi milli idman növlərindən biri hesab edilir.