FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçular arasında Avropa çempionatının oyununu idarə edib.
İdman.biz xəbər verir ki, o, A qrupunun 2-ci turu çərçivəsində keçirilmiş Albaniya – Almaniya görüşündə ədaləti qoruyub.
Elbasan şəhərinin eyniadlı stadionunda baş tutan qarşılaşma almanların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Umudlu hər iki komandanın iki futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. O, 85-ci dəqiqədə meydan sahibləri qapısına penalti təyin edib.
Qeyd edək ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat alıb. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyi üçün Albaniya – Almaniya matçında onu təmsilçimiz əvəzləyib.
İdman.biz