Polşanın üçüncü futbol liqasında “Stal Stalova Vola” və Varşavanın “Legiya” klubunun ikinci komandası arasında keçirilən qarşılaşmada qeyri-adi hadisə yaşanıb.
İdman.Biz xəbər verir ki, görüşün 90-cı dəqiqəsində meydan sahiblərinin 3:2 hesabı ilə öndə olduğu vaxt azarkeşlərdən biri elektrikli skuterlə meydana daxil olub.
Baş hakim qarşılaşmanı dayandırmaq məcburiyyətində qalıb. Təhlükəsizlik əməkdaşları isə meydanda skuterlə hərəkət edən azarkeşi tutmaq üçün onun arxasınca qaçıblar.
Canlı yayım kameralarına əks olunan hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə gündəmə çevrilib.
Qarşılaşma idman nəticəsi baxımından da diqqət çəkib. Belə ki, “Stal Stalova Vola” 0:2 hesabı ilə geri düşdüyü görüşdə geridönüş edərək 3:2 hesablı qələbə qazanıb.
