Belarusun ən titullu futbol klubu "BATE Borisov" tarixində ilk dəfə ölkə çempionatının yüksək liqasından düşmək təhlükəsi ilə üzləşib.
İdman.Biz xəbər verir ki, Borisov təmsilçisi çempionatın 29 turundan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.
Komandanın yüksək liqada qalmaq şansı sonuncu turda “İsloç”la keçirəcəyi oyunun nəticəsindən asılıdır. BATE-nin birbaşa aşağı liqaya düşməməsi üçün qələbə qazanması vacibdir.
15 dəfə Belarus çempionu olan klub 2006–2018-ci illərdə ardıcıl 13 dəfə ölkə çempionu adını qazanıb. Komanda 2012-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində Almaniyanın “Bavariya” klubunu 3:1 hesabı ilə məğlub etməklə də tarixə düşüb.
Qeyd edək ki, BATE sonuncu dəfə 2018-ci ildə Belarus çempionu olub.
